Yeniyetmələrin su idman növlərinə cəlb olunması müasir dövrdə yalnız sağlam həyat tərzinin təşviqi deyil, həm də gənc nəslin fiziki, psixoloji və sosial inkişafının mühüm istiqamətlərindən biri hesab edilir. Üzgüçülük, su polosu, avarçəkmə, yelkənli idman və sinxron üzgüçülük kimi su idman növləri yeniyetmələrdə intizam, məsuliyyət, dözümlülük, komandada işləmək bacarığı və özünəinam formalaşdırır. Eyni zamanda su idmanı uşaqları zərərli vərdişlərdən uzaqlaşdırır, onların asudə vaxtının səmərəli təşkilinə kömək edir və sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Buna görə də bu sahədə təşviqat işinin sistemli, müasir və yeniyetmələrin maraqlarına uyğun şəkildə qurulması vacibdir.

Su idman növləri ilə bağlı təşviqatın əsas məqsədi yeniyetmələrdə suya qarşı maraq yaratmaq, idmanın bu istiqamətinin təhlükəsiz və faydalı olduğunu göstərmək, həmçinin valideynləri və təhsil müəssisələrini prosesə aktiv şəkildə cəlb etməkdən ibarət olmalıdır. Təşviqat kampaniyaları yalnız reklam xarakteri daşımamalı, həm də maarifləndirici və motivasiyaedici məzmun üzərində qurulmalıdır. Bu məqsədlə məktəblərdə açıq dərslərin təşkili, tanınmış idmançıların iştirakı ilə görüşlərin keçirilməsi, sosial şəbəkələrdə maarifləndirici videoların paylaşılması və regionlarda pulsuz sınaq məşqlərinin təşkil edilməsi mühüm əhəmiyyət daşıyır. Bizdə bu istiqamətdə iş görülürmü? Təəssüf ki, xeyr!

Baku Aquatic Palace Olympic Pool - Futbolinfo.az

Ümumiyyətlə, yeniyetmələrin psixologiyası nəzərə alınaraq təşviqat işində emosional və vizual təsir güclü olmalıdır. Məsələn, uğur qazanmış gənc idmançıların həyat hekayələri, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər, su idmanının sağlamlığa müsbət təsiri barədə videolar və qısa sosial çarxlar daha effektiv nəticə verir. Bu zaman əsas vurğu rəqabətə deyil, sağlam həyat tərzinə, dostluq mühitinə və şəxsi inkişaf imkanlarına yönəldilməlidir. Yeniyetmələr üçün təşkil olunan “Su festivalı”, “Açıq hovuz günü”, “Gələcəyin çempionu” kimi tədbirlər onların bu sahəyə marağını artıran mühüm vasitələrdən biridir.

Məktəblər və idman klubları arasında əməkdaşlığın gücləndirilməsi də vacib istiqamətlərdəndir. Dünyanın inkişaf etmiş ölkələrində məktəb-idman klubu modeli uğurla tətbiq olunur. Bu modeldə şagirdlər məktəbdən sonra birbaşa idman mərkəzlərinə yönləndirilir və onların məşqlərdə iştirakı nəzarətdə saxlanılır. Belə sistem yeniyetmələrin idmana davamlı şəkildə bağlanmasına kömək edir. Məktəblərdə üzgüçülük dərslərinin tədris proqramına daxil edilməsi də xüsusi əhəmiyyət daşıyır.

Bu sahədə ən uğurlu nümunələrdən biri Yaponiyada müşahidə olunur. “Gündoğar ölkə”də üzgüçülük məktəb təhsilinin vacib hissəsi hesab edilir və ölkədəki ibtidai və orta məktəblərin böyük əksəriyyətində hovuz mövcuddur. Yaponiya məktəblərində uşaqlara kiçik yaşlardan üzmə və suda təhlükəsizlik qaydaları öyrədilir. Araşdırmalara görə, ölkədə məktəblərin təxminən 75 faizinin öz hovuzu var və üzgüçülük dərsləri uzun illərdir məcburi fiziki tərbiyə proqramının bir hissəsidir.

sh seijin sw - Futbolinfo.az

Yaponiyada su idmanının təşviqi yalnız məktəblərlə məhdudlaşmır. Dövlət qurumları, bələdiyyələr və özəl idman mərkəzləri birlikdə fəaliyyət göstərir. “Konami Sports” kimi böyük idman təşkilatları məktəblərlə əməkdaşlıq edərək peşəkar üzgüçülük dərsləri təşkil edir və müəllimlərin iş yükünü azaltmaqla uşaqların daha keyfiyyətli təlim almasına şərait yaradır. Bu yanaşma göstərir ki, dövlət və özəl sektor əməkdaşlığı su idmanının inkişafında mühüm rol oynayır.

Norveç də su idmanı və üzgüçülük üzrə qabaqcıl ölkələrdən biri hesab edilir. Bu ölkədə əsas diqqət uşaqlarda “suda təhlükəsizlik mədəniyyəti”nin formalaşdırılmasına yönəldilir. Norveç Üzgüçülük Federasiyası tərəfindən həyata keçirilən proqramlarda uşaqların suya uyğunlaşması oyunlar və əyləncəli fəaliyyətlər vasitəsilə təmin olunur. “Vill i vann” adlı proqram uşaqlar və yeniyetmələr üçün hazırlanıb və burada əsas məqsəd yarış deyil, suya maraq, təhlükəsizlik və kollektiv fəaliyyət bacarıqlarının inkişaf etdirilməsidir.

Vill Vann Dager 2019 1 1024x758 1 - Futbolinfo.az

Norveçdə məktəb üzgüçülüyü də sistemli şəkildə təşkil edilir. Şagirdlər yaş və hazırlıq səviyyəsinə uyğun qruplara bölünür, dərslər peşəkar təlimçilər tərəfindən aparılır və hər bir iştirakçının fərdi inkişafına diqqət yetirilir. Bu yanaşma yeniyetmələrin idmana marağını artırmaqla yanaşı, onların özlərini təhlükəsiz hiss etməsinə də kömək edir.

Avstraliya isə su idmanı mədəniyyətinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi ölkələrdən biridir. Burada məktəblərdə “Learn to Swim” proqramları geniş yayılıb və uşaqlara erkən yaşlardan üzgüçülük bacarıqları aşılanır. Çimərlik mədəniyyətinin güclü olması səbəbindən dövlət su təhlükəsizliyi və üzgüçülük təlimlərini milli prioritet hesab edir. Məktəblərdə hovuz məşğələləri ilə yanaşı, xilasedici hazırlıqlar və açıq su məşqləri də keçirilir. Bu təcrübə yeniyetmələrin həm idmana marağını artırır, həm də onların həyati təhlükələrdən qorunmasına xidmət edir.

the importance of learning to swim instructor teaching kids - Futbolinfo.az

ABŞ-da isə su idmanının təşviqi əsasən məktəb komandaları, universitet idmanı və yerli icma mərkəzləri üzərindən həyata keçirilir. Məktəblərarası yarışlar, yay düşərgələri və yerli hovuz proqramları vasitəsilə yeniyetmələr idmana cəlb olunur. ABŞ-də sosial media və tanınmış idmançıların nüfuzu təşviqat işində geniş istifadə edilir. Olimpiya çempionlarının iştirakı ilə hazırlanan kampaniyalar yeniyetmələr üçün motivasiya mənbəyinə çevrilir.

Yeniyetmələrin su idmanına cəlb olunması üçün Azərbaycanda da bir sıra mühüm addımlar atıla bilər. İlk növbədə məktəblərdə üzgüçülük dərslərinin genişləndirilməsi, rayon və şəhərlərdə əlçatan hovuzların sayının artırılması, peşəkar məşqçilərin hazırlanması və ailələrin maarifləndirilməsi vacibdir. Bundan əlavə, televiziya və sosial media vasitəsilə milli idmançılar nümunə kimi təqdim edilməli, uğurlu gənclərin hekayələri ictimaiyyətə çatdırılmalıdır. Regionlarda səyyar hovuz layihələri və yay məktəbləri də yeniyetmələrin bu sahəyə marağını artıran mühüm vasitələrdən biri ola bilər. Amma bu belədirmi və ya belə olacaqmı? Bizdə yalnız valideynlər uşaqlarının sağlam böyüməsi üçün onları üzgüçülük dərnəklərinə yazdırır.

TAHİR MİRZƏ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: