Azərbaycan futbolunda son illərdə komanda sayında ciddi artım baş versə də, bununla iş bitmir. Məsələ burasındadır ki, onların heç də hamısı klub adına layiq deyillər. Futbol klubu ifadəsi özündə bir çox öhdəlikləri birləşdirir ki, bizdə bu öhdəlikləri yerinə yetirə bilməyənlər kifayət qədərdir.

Onlardan biri də “Şamaxı”dır. Ötən il I Liqadan Premyer Liqaya qayıdan bölgə təmsilçisinin əsas komandası son mövsümü pis keçirmədi. Baş məşqçi Ayxan Abbasovun təcrübəsi və seleksiya bacarığı sayəsində qısa müddətdə toplanan kollektiv sezonu 7-ci pillədə tamamlamağı, bununla da Premyer Liqada qalmaq missiyasını yerinə yetirməyi bacardı.

Təkcə əsas komanda ilə yara sağalmır axı. “Şamaxı”nın ikinci komandası, eyni zamanda, AFFA-nın aşağı yaş qrupları üzrə liqalarında çıxış edən kollektivləri haqda eyni sözləri demək mümkün deyil. Bu, “Şamaxı”da aşağı yaş qrupları ilə aparılan işin ürəkaçan olmadığını göstərir. Belə olan halda, bu gün “Şamaxı” klub adına nə dərəcədə layiqdir və ya ölkə futbolunun inkişafına hansı töhfəni verə bilər?

Başlayaq “Şamaxı”nın ikinci komandasından. Həmin komanda Məqsəd Yaqubəliyevin rəhbərliyi altında əvəzedicilər liqasının 2024/2025 mövsümünü sonuncu – 10-cu pillədə tamamlayıb. 6 qələbə, 9 heç-heçəsi olan kollektiv 21 görüşdə məğlubiyyət acısı yaşayıb. Vurduğu 48 qolun qarşılığı isə çox ağır olub: 104 qol.

AFFA Gənclər Liqasında “Şamaxı” 13 komanda arasında 8-ci olub. 36 oyunda 49 xal toplayan kollektiv mövsümü 14 qələbə, 7 heç-heçə və 15 məğlubiyyətlə bitirib.

Ən pis göstərici “Şamaxı”nın U-17 komandasındadır. Təsəvvür edirsiniz, 15 komanda arasında sonuncu olan bölgə təmsilçisi 42 oyunun hamısında uduzub. Bu qədər oyuna cəmi 17 qol vuran “Şamaxı” əvəzində 405 (!) top buraxıb. Sezonu 405 qol buraxaraq və 0 xalla bitirmək biabırçılıq deyilsə, bəs nədir?! Bu göstəricilər klub rəhbərliyinin aşağı yaş qruplarına olan münasibətini bariz şəkildə üzə çıxartmırmı?! Sonra da deyirik ki, “Şamaxı” 21 yaşadək futbolçulardan ibarət millimiz üçün baza rolunu oynayacaq. İnanan daşa dönsün.

500610837 18018617723710350 1741125714035944084 n 11748161757 - Futbolinfo.az

Keçək AFFA U-16 Liqasına. “Şamaxı” bu liqada da 15 komanda arasında sonuncu olub. 28 oyuna cəmi 1 qələbə və 2 heç-heçə görən əyalət təmsilçisi 25 dəfə meydanı başıaşağı tərk edib. 31 qol vuran şamaxılılar 148 dəfə topu qapılarından çıxartmalı olublar. Yekunda mövsümü cəmi 5 xalla tamamlayıblar. “Şamaxı”nın U-16 komandasının tək təsəllisi U-17-dən şükürlü vəziyyətdə olmasıdır.

AFFA U-15 Liqasında “Şamaxı” 15 komanda arasında 12-ci yeri tutub: 28 oyuna 4 qələbə, 3 heç-heçə, 21 məğlubuiyyət. 23 qol vuran şamaxılılar 115 dəfə mərkəzə dəvət olunublar. Mövsümün qazancı isə vur-tut 15 xal olub.

AFFA U-14 Liqasında final mərhələsinə adlayan “Şamaxı” 1/4-də “Ulduz”a hər iki oyunda uduzub – 2:3, 0:4. Digərlərinə baxanda U-14 toya getməlidir…

AFFA U-13 Liqasında isə “Şamaxı” pley-off mərhələsini 3-cü pillədə tamamlayaraq final mərhələsinə vəsiqə qazana bilməyib.

Daha aşağı yaş qrupları üzrə liqalarda turnir cədvəli olmur. Aydın məsələdir ki, uşaq futbolunda nəticə tələb edilməsi düzgün deyil. Heç kim demir ki, “Şamaxı”nın bütün aşağı yaş qrupları çempion olsun və ya turnir cədvəlində ön sıralarda qərarlaşsın. Amma bir mövsümə 400-dən çox qol buraxıb, 1 xal belə qazanmayaraq qapazaltı olan komandanın gələcəyinə necə ümidlə baxasan?! “Şamaxı”nın bir neçə komandası mövsümü sonuncu pillədə bitiribsə, bölgə təmsilçisi milli üçün necə baza sayıla bilər?! Bu qədər bərbad nəticələrin səbəbi “Şamaxı” rəhbərliyini heç narahat etmirmi? Etsəydi, qarşılarına klub olmaq məqsədi qoysaydılar, uşaq futboluna bu qədər bivec yanaşmazdılar.

Maraqlıdır ki, klubda bu qədər problem olduğu bir zamanda uşaq komandalarının koordinatoru olan Ramiz Məmmədov yeni iş axtarışındadır. Həm də “Şamaxı”nın İdarə Heyətində sədr müavini kimi təqdim edilən mütəxəssis tezliklə I Liqa klubu “Mingəçevir”in baş məşqçisi olacaq. Görünür, Şamaxıda futbolun inkişafı üçün ümid işığı görmədiyindən, o, seçimini edib.

AĞA

Shares: