Ötən mövsüm Elmar Baxşıyevin başçılığı altında Misli Premyer Liqasında yaxşı oyunu ilə diqqət çəkən və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “Araz-Naxçıvan” yeni missiyaya hazırlaşır. Komandamızın qitəmiqyaslı yarışlarda təcrübəsizliyini nəzərə alsaq, siftəsində Yunanıstan təmsilçisini adlaması çətin görünür.
Amma “Aris”in özü də Yunanıstan nəhənglərindən sayılmır. Bir neçə gün əvvəl hazırlıq görüşündə “Trabzonspor”u 3:2 hesabı ilə məğlub edən Naxçıvan klubu niyə də Selanik klubu qarşısında sürpriz etməsin?! Vaxtiıə “Qarabağ” bu şəhərin ən böyük klubu PAOK-u şoka salmağı bacarmışdısa, Baxşıyevin komandası onların kiçiklərinə yerini göstərə bilər.
Püşk atıldıqdan sonra bu klubun da tarixçəsi ilə sizi tanış etdiyimizdən, yenidən təkrarçılığıa yol verməyəcəyik. Ötən mövsümdəki çıxışlarına və hazırkı heyətin potensialına əsasən “Aris”i “mikroskop”dan keçirəcəyik…
Hazırda “Aris” heyət baxımından kifayət qədər oturuşmuş və nisbətən təcrübəli oyunçulara güvənən komanda sayılır. Klubun rəhbərliyi uzunmüddətli inkişafa deyil, daha çox hazır nəticələrə fokuslanan bir transfer siyasəti yürüdür və bu da heyətdə gənclərin nisbətən az, lakin təcrübəli və funksional hazırlıqlı oyunçuların çox olması ilə nəticələnib. Qapı xətti sabit və etibarlıdır. Burada uzun illərdir əsas heyətdə çıxış edən ispaniyalı kapitan Julian Kuesta var. O riski sevmir, müdafiəçilərlə koordinasiya qurur, doğru mövqe seçimi ilə fərqlənir. Kuestanın təcrübəsi ona oyunlarda sakitlik gətirir, lakin bəzi hallarda reaksiyada gecikir.
Müdafiə xətti “Aris”in ən sabit və nizamlı bölgələrindən biridir. Burada Çexiya millisinin oyunçusu Yakub Brabets və braziliyalı Fabiano Leismann kimi həm fiziki, həm də mövqe baxımından etibarlı mərkəz müdafiəçiləri yer alır. Brabets daha çox lider xarakterli, oyunun gedişini hiss edən, topu təhlükəli zonalarından uzaqlaşdırmaqda püxtələşən oyunçudur. Fabiano isə texniki cəhətdən o qədər mükəmməl olmasa da, fiziki gücü və hava toplarındakı üstünlüyü ilə fərqlənir. Bu ikili müdafiənin mərkəzində bir-birini yaxşı tamamlayır.
Cinahlarda isə daha çox sabitliyə və ehtiyatlı oyuna üstünlük verən futbolçular çıxış edir. Sol cinahda mərakeşli Hamza Mendil sürətli və dinamik olsa da, son ötürmələrdə və qərarvermədə bəzən səhvlərə yol verir. Sağ cinahları bir az yaralı yerləridir. Naxçıvan futbolçuları bu tərəfdən hücumlar qursalar, daha doğru olar.
Yarımmüdafiə “Aris”in canıdır. Ötən mövsümə qədər Çexiya millisinin dayaq sütunlarından olan Vladimir Darida Yunanıstan klubunun düşünən beyni idi. Onun gedişindən sonra nə edəcəkləri bizə də maraqlıdır. Dərd orasındadır ki, onun ekvadorlu sağ əli Xose Sifuentes də icarə müddətini başa vuraraq “Reyncers”ə qayıdıb. Baş məşqçi Marinos Uzunudisin onları kimlə əvəzləyəcəyini oyunda görəcəyik.
Oyun quruculuğu ilə diqqət çəkən ispaniyalı Ruben Pardonun gedişini də “Aris” üçün itki saymaq olar. Amma Monçu ilə Mamadou Gninqi qoruyub saxlaya biliblər. Onlar bir neçə mövqedə oynaya bilmək, fərqli oyun planlarına uyğunlaşmaq və ehtiyatdan oyuna daxil olaraq təsir göstərmək baxımından vacib rollara sahibdirlər. Bir sözlə, əsas silahı yarımmüdafiə olan “Aris”də əməlli-başlı “şumlanma” prosesi gedib. İndi görək “Araz-Naxçıvan” bu boş ərazini “becərə biləcəkmi”?
“Qalatasaray” və “Ankaragücü” klublarından tanıdığımız Rumıniya millisinin yarımmüdafiəçmisi Olimpiu Morutanla güclənsələr də, o hələ komandaya uyğunlaşası…
Hücum xətti komandanın daha çox fərdi istedadlara söykəndiyi zonadır. Burada əsas yük Loren Moronun çiynindədir. Vaxtilə “Betis”in heyətində xarüqələr yaradan 31 yaşlı hücumçu hər iki oyunda “Araz-Naxçıvan”ın müdafiəçilərinin əsəbləri ilə oynayacaq. Yəqin ki, Elmar Baxşıyevin ən böyük problemi də elə o olacaq. Moron oyunun içində topa çox toxunuş etməsə də, qapı qarşısında ani qərarları və bitiriciliyi ilə diqqət çəkir.
Onun arxasında və cinahlarda fərqli tipli hücumçular çıxış edir. İsveç yığması ilə millimizə qarşı oynamış Robin Quaison həm təcrübəsi, həm də fərqli hücum variantları təklif edə bilməsi ilə “Aris”in oyununa rəng qatır. Onun bir neçə mövqedə çıxış etmə bacarığı da xüsusi vurğulanmalıdır.
“Selta”dan tanıdığımız Danimarka millisinin sabiq cinah hücumçusu Pione Sisto da “gəzən bombalar”dandır. 30 yaşlı təcrübəli futbolçuya göz açmağa imkan vermək olmaz. “Ştutqart”, “Reyms” və APOEL-də oynayan Yunanıstan millisinin keçmiş hücumçusu Anastaios Donisi transfer etməklə güclərinə güc qatıblar. Amma o da hələ bu komandada təzədir.
Ümumən, “Aris” balanslı və sistemli bir komandadır. Onlar nizam-intizamlı, fiziki gücə əsaslanan və oyun planına sadiq qalan bir üslubda çıxış edirlər. Qapı xətti və müdafiədə sabitlik, yarımmüdafiədə təcrübə və güc, hücumda isə fərdi ustalıq komandanın əsas özəliyidir. Lakin yüksək kreativlik problemi və lənglik onları dala salır. Buna görə də “Aris” daha çox oyunu idarə etmək və zəif cəhətlərini gizlətmək üzərində qurulmuş strategiya ilə çıxış edir. Bu model onları daha intizamlı və təhlükəli rəqibə çevirir. Yaxşı təşkilatlanmış müdafiə və funksional yarımmüdafiə ilə qarşılaşan hər komanda üçün “Aris” ciddi taktiki problem yarada bilər.
“Aris” komandasının oyun strukturu və heyət quruluşu özündə həm dayanıqlı, həm də kövrək elementləri ehtiva edir. Bu komandanın əsas güclü cəhətlərindən biri taktiki nizam-intizamdır. Meydanda hər bir oyunçunun vəzifəsi aydın şəkildə müəyyənləşib və sistemin iş prinsipi fərdi bacarıqlardan çox kollektiv düşüncə üzərində qurulub. Müdafiə və yarımmüdafiə xətlərinin bir-birinə yaxın oynamağı, komandanın kompakt qurulması istər topa sahib olduqları, istərsə də topu itirdikləri anlarda onların sistemli komandaya çevrilməsinə səbəb olur. Bu sistemli oyun isə xüsusən təzyiq altında və ya səfər matçlarında onların oyundan qopmamasına şərait yaradır.
Komanda oyunu oxumağı sevir və fiziki mübarizəyə girişməkdən çəkinmir. İkili mübarizələrdə aqressivlik, hava toplarında üstünlük və səliqəli mövqe oyunu onların müdafiə sistemini yarmağı çətinləşdirir. Bundan başqa, təcrübəli oyunçuların mövcudluğu “Aris”in emosional ritmini də tənzimləyir. Oyunun gedişatına uyğun ritm dəyişmələri, lazım olan məqamda tempi azaltmaq və ya sürətləndirmək imkanları onlara oyun içində taktiki çeviklik qazandırır.
Yarımmüdafiənin möhkəmliyi də komandanın sabitliyində mühüm rol oynayır. Müdafiə ilə hücum arasında körpü funksiyasını uğurla yerinə yetirən mərkəz oyunçuları həm topun saxlanması, həm də irəli ötürülməsində nizamı qoruyur. Onlar pressinqdən çıxış yollarını yaxşı bilir, topu itirdikdə isə əks-press tətbiq etməyə qadirdirlər. Bu da onları topa sahib olma baxımından yetərincə təhlükəli komanda halına gətirir.
Komandanın zəif cəhətlərindən biri məhz hücumun stabilliyidir. Rəqibin sıx müdafiə olunduğu topu özündə saxladığı və oyunun ritmini öz istəyinə uyğun yönləndirdiyi hallarda “Aris” hücumda bəzən passivləşir. “Araz Naxçıvan” da bunu yaxşı bacarır. Tək-tük fərdi cəhdlərlə müdafiəni yarmaq mümkün olmayanda onların oyun planı daralır. Hücum variantlarının azlığı, kreativliyin və komanda şəklində qurulan hücum kombinasiyalarının zəifliyi bir çox hallarda qol imkanlarının məhdudlaşmasına səbəb olur.
Başqa bir zəif cəhət komandanın ani sürətlənmələrə cavab verməkdə bəzən gecikməsidir. Müdafiə və yarımmüdafiə nə qədər kompakt oynasa da, sürətli hücumlara qarşı müəyyən çətinliklər ortaya çıxır. İrəlidə çox risk etmədiklərindən arxada qalmağa üstünlük verirlər, bu isə bəzən rəqibə oyunu idarə etmək imkanı verir. Hərçənd bu, komandanın öz strukturuna uyğun bir seçimdir, lakin temp dəyişikliklərinə adaptasiya bacarığı tam ideal səviyyədə deyil. Fikir verirsinizsə, “Araz Naxçıvan”da bu özəlliklər var. Bir sözlə bizi oyun üslubu bir-birinə bənzər olan iki komandanın oyunu gözləyir. İnanırıq ki, “Araz Naxçıvan” onlardan daha effektli oynayacaq.
TAHİR MİRZƏ






