Kurban Berdıyevin inancı da puç oldu. Sumqayıtda məğlub olmadığı üçün yerli komanda ilə bu şəhərdə oynamağa razılaşan rusiyalı mütəxəssisin bu kimi xüsusi prinsipləri var. “Gənclik şəhəri” həmişə ona uğurlu olurdu, özün buna indırmışdı.

Dünən “Zirə” onun  bu nəzəriyyəsini də yerlə yeksan etdi. Ölkə kubokunun yarımfinal matçında səfər oyununda 2:0 hesablı qələbə qəsəbə təmsilçisini finala xeyli yaxınlaşdırdı. Rəqibini əla analiz edən, onu bütün komponentlərdə üstələyən Rəşad Sadıqov avrokuboka aparan ikinci gəbhəni də özü üçün açıq saxladı.

Berdıyevin bəlli oyun üslubu var. Müdafiədə inamlı oyun, əks-hücumlarda ələ düşən fürsətlərdən maksimum yararlanmaq – “Turan Tovuz” bu tələyə düşən bütün rəqibləri məğlub edir. Hər zaman təşəbbüsü rəqibə verib öz şanslarını gözləyirlər. Elə ki, “1 nömrə” kimi oynamaq lazım gəlr, o zaman komandanın problemlər üzə çıxır. İddialılarla oyunlarda qələbələri sıralayan qərblilər “Kəpəz”, “İmişli”, “Şamaxı” kimi zəiflərlə oyunlarda buna görə xallar itirib.

Dünən “Zirə” çox intizamlı oynadı, rəqibə arzuladığı şansı vermədi və qələbə qazandı. Berdıyev vəziyyəti dəyişmək üçün heç nə edə bilmədi. Düzdür, cavab oyununda çox şey baş verə bilər. Lakin “Zirə”nin aşkar üstünlüyü əldən verəcəyi inandırıcı deyil.

Digər yarımfinal oyunu daha maraqlı alındı. Sumqayıtda tərəflər ehtiyatlı futbol sərgilədisə, Respublika Stadionuna toplaşan 21 min tamaşaçı baxımlı futbola şahidlik etdi. Erkən finalın iştirakçıları çempionatda əbəs yerə ən üst pillədə qərarlaşmadıqlarını göstərdilər.

İnsaf naminə, meydan sahbi olan “Qarabağ” ötən ilin fnalında uduzduğu rəqibindən daha üstün futbol sərgilədi. Bu baxımdan heç-heçə bəlkə də ədalətsiz nəticə oldu. Amma “Sabah” lazımi anda qol vurmaq bacarığını göstərdi. Bu bərabərlik “bayquşlar”ın çempionatdakı rəqabətinə də təsir göstərəcək. Məğlubiyyət reallaşsaydı, bəlkə də komanda psixoloji zərbə alacaqdı. İndi isə evdə keçiriləcək cavab oyunu üçün nisbi üstünlük var, üstəlik, çempionatda “Sabah” rəqibindən xeyli öndədir.

Dünənki qarşılaşma “Qarabağ”ın müdafiə ilə bağlı problemlərini bir daha ön plana çıxartdı. Cari mövsümün necə yekunlaşmasından asılı olmayaraq, ağdamlılar yayda mütləq arxa xəttə əl gəzdirməlidir.

FƏRİD

Shares: