“Qarabağ”ın kolumbiyalı futbolçusu Kamilo Duranın futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 26-cı turunda “Karvan-Yevlax” üzərində 7:0 hesablı qələbə qazandınız. Bu qədər asan qalibiyyəti gözləyirdiniz?
– Məncə, bütün rəqiblər çətindir və hər oyuna qalib gəlmək üçün ciddi hazırlaşmaq lazımdır. Son oyunda biz xeyli üstün idik və bu, nəticədə də öz əksini tapdı. Amma biz bütün rəqiblərə hörmətlə yanaşırıq və rəqibin kimliyindən asılı olmayaraq, hər oyuna eyni şəkildə hazırlaşıb mübarizə aparırıq.
– Bu matçda 3 qol vurdun. Het-trik sənin üçün hansı əhəmiyyət kəsb edir?
– Düşünürəm ki, hər hücumçunun arzusu ilk het-trikini etməkdir. Çox sevinirəm ki, bu mövsüm işlərim daha yaxşı gedir. “9 nömrə” mövqeyinə uyğunlaşmışam və bunu ən yaxşı şəkildə edirəm. Şükürlər olsun ki, ilk het-trik topumu evə aparmışam.
– “Qarabağ” çempionatda bir oyun az olmaqla lider “Sabah”dan faktiki 10 xal geridədir. Bu fərqi aradan qaldırmaq üçün nə lazımdır?
– Məncə, əsas olan bütün oyunlarda qalib gəlməkdir. Xüsusilə də həmin komanda ilə birbaşa qarşılaşmamız var. Bizim yanaşmamız hər oyuna final kimi çıxmaqdır və son tura qədər ümidləri qoruyub, çempionluq uğrunda mübarizə aparmaqdır. Bu da bizim əsas məqsədimizdir.
– Çempionluq inamınız əvvəlki kimi tamdır, yoxsa böyük fərqə görə ümidlər azalıb?
– Bu mövsüm özünəinam və performansla bağlı deyə bilərəm ki, insan hər zaman yaxşı çıxış etmək istəyir və bunun üçün hər gün çalışır. Hər şey yaxşı alınır. Karyeramın ən məhsuldar mövsümünü keçirirəm və bu qollar böyük nailiyyətlərə töhfə verib. Komanda olaraq beynəlxalq səviyyədə də uğurlarımız var. Əsas odur ki, mövsümün sonunda kubok qaldırmaq üçün komandaya töhfə verməyə davam edim və qollarımı titullara çevirim.
– Avrokuboklarda və çempionatda uğurlu çıxış edirsən. Bu performans fonunda təkliflər gəlir?
– Hazırda bütün diqqətimi mövsümü burada uğurla başa vurmağa yönəltmişəm. Çempion olmaq istəyirəm. Mövsüm bitəndən sonra klub və menecerim mümkün təklifləri dəyərləndirəcəklər. Amma indi əsas məqsədim qol vurmaq və burada çempion olmaqdır.
– Adın İspaniyanın “Jirona” klubu ilə hallanır. Bu barədə hər hansı konkret söhbət olub?
– (Sualı cavabsız qoyub).
– Kolumbiya milli komandasına çağırılmağınla bağlı paylaşım edilmişdi, amma sonradan silindi. Orada nə baş verdi?
– Millidən ilkin çağırış olmuşdu, buna görə klub həmin vaxt paylaşım etmişdi. Amma sonradan yoldaşlıq oyunları üçün yekun siyahıya düşmədim. Yenə də düşünürəm ki, bu, mənim karyeram üçün böyük addımdır. Artıq millinin diqqət dairəsində olmaq sevindiricidir.
– Milli komandadan DÇ-2026 öncəsi dəvət gözləyirsən? Bu, sənin üçün nə ifadə edərdi?
– Dəfələrlə demişəm ki, bu mənim uşaqlıq arzumdur. Hər bir futbolçu öz ölkəsini təmsil etmək istəyir. Amma hələ qarşıda çox iş var. Mən də çalışacağam ki, oynadığım komandaya faydalı olum və inşallah bir gün millidən dəvət alıb bu arzumu gerçəkləşdirim.
FƏRİD






