“Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– Avqustdan bəri davam edən qələbəsizlik seriyasına, nəhayət, son qoya bildiniz. Nələri dəyişdiniz ki, komanda “Kəpəz”lə oyunda daha motivasiyalı, istəkli göründü və böyükhesablı (4:1) qələbəyə imza atdı?

– Düşünmürəm ki, məsələni yalnız motivasiya ilə izah etmək doğru olar. Mövsüm ərzində komanda heç vaxt oyuna istəksiz çıxmayıb, sadəcə nəticələr istədiyimiz kimi alınmırdı və bu da müəyyən psixoloji gərginlik yaradırdı. Son həftələrdə biz daha çox detallara fokuslandıq – oyun intizamı, epizodların düzgün tamamlanması və meydandakı qarşılıqlı anlaşma üzərində işlədik. Eyni zamanda, futbolçular üzərindəki təzyiqi azaltmağa çalışdıq ki, onlar meydanda daha sərbəst qərarlar verə bilsinlər. “Kəpəz”lə oyunda həmin işlərin nəticəsini gördük. Komanda daha inamlı və balanslı çıxış etdi. Amma bunu birdəfəlik sıçrayış kimi yox, görülən işin məntiqi davamı kimi qiymətləndiririk. Qarşıda hələ çox iş var və əsas məqsədimiz bu sabitliyi qorumaqdır.

– Azarkeşlər daha çox Coy Sleyd Mikels və digər hücumçulardan qol gözlədikləri halda, “Kəpəz”lə matçda Rauf Rüstəmli səhnəyə çıxdı və het-trik etdi. Hiss olundu ki, Raufa imkan düşdükcə uzaq məsafədən zərbə vurmaq tapşırığı vermişdiniz. Bu, Yusif İmanovun belə zərbələr zamanı inamsız təsir bağışlaması ilə əlaqədar idi?

– İlk növbədə Raufu təbrik edirəm, het-trik etmək hər futbolçu üçün xüsusi hadisədir və o, “Kəpəz”lə görüşdə düşən şansı maksimum dəyərləndirdi. Biz ümumi olaraq oyunçulara epizod yarandıqda cəsarətli olmağı, uzaq məsafədən zərbələr vurmaqdan çəkinməməyi tapşırırıq və bu, konkret bir qapıçı ilə bağlı plan deyil. Rəqibin qolkiperi Yusif İmanov kifayət qədər təcrübəli və keyfiyyətli qapıçıdır, onun haqqında mənfi fikir səsləndirmək doğru olmaz. Sadəcə, futbolda bəzən belə oyunlar olur ki, vurulan zərbələr qola çevrilir. Mikelsə gəldikdə isə, o da komanda üçün çox vacib oyunçudur. “Kəpəz”lə görüşdə də hücumda faydalı iş gördü, rəqib müdafiəçiləri yordu və komanda yoldaşlarına boşluqlar yaratdı. Ümumilikdə isə bu qələbə fərdi deyil, komanda əməyinin nəticəsidir.

– Növbəti oyunda “Şamaxı”nı qəbul edəcəksiniz. “Kəpəz” üzərindəki darmadağın yetirmələrinizin motivasiyasını daha da artıracaq. Bundan yararlanıb “Şamaxı”nı da məğlub edə biləcəksiniz?

– Əlbəttə, qələbə hər zaman komanda üçün müsbət emosiyalar yaradır və özünəinamı artırır. Amma biz çalışırıq ki, bu emosiyanı nə həddindən artıq böyüdək, nə də rahatlığa səbəb olsun. “Şamaxı” intizamlı və mübariz komandadır, onları məğlub etmək üçün “Kəpəz”lə oyundan daha artıq səviyyə göstərmək lazımdır. Biz bu görüşə tam ciddi, rəqibə hörmətlə yanaşırıq. Məqsədimiz hər oyunda inkişaf etmək və daha stabil çıxış etməkdir. Əgər bunu bacarsaq, nəticə də bizim xeyrimizə ola bilər.

– Mövsümün sonuna 6 tur qalmış “Qəbələ”dən 8 xal geri qalırsınız. Bu fərqi aradan qaldırmaq şansınız nə dərəcədə realdır?

– Reallığı düzgün qiymətləndirmək lazımdır – fərq kifayət qədərdir və mövsümün sonuna az oyun qalıb. Amma futbol elə oyundur ki, hər tur yeni imkan deməkdir. Bizim üçün ən doğru yanaşma hesablamalara yox, qarşıdakı oyunlara fokuslanmaqdır. Hər matça maksimum nəticə üçün çıxmalıyıq, qalan məsələlər isə tur-tur aydınlaşacaq. Əsas məqsədimiz mövsümü layiqli şəkildə başa vurmaq, komandanın inkişafını davam etdirmək və azarkeşlərə daha stabil oyun göstərməkdir. Bunu bacarsaq, turnir cədvəlində də mümkün olan ən yaxşı mövqeni tutmağa çalışacağıq.

– Komanda Premyer Liqada qala bilməsə, “Karvan-Yevlax”da qalacaqsınız? Füzuli Məmmədovun birinci Liqada Yevlax təmsilçisinə kömək etməsi mümkündürmü?

– Hazırda bütün fikrimiz çempionatın son oyunlarınadır. Mövsüm bitməmiş belə ssenariləri müzakirə etməyi düzgün hesab etmirəm. Mənim klubla müqaviləm var və bu müqavilə çərçivəsində üzərimə düşən öhdəlikləri yerinə yetirməyə davam edirəm. Gələcəklə bağlı məsələlər mövsüm başa çatdıqdan sonra klub rəhbərliyi ilə birlikdə müzakirə olunacaq və hər iki tərəf üçün ən doğru qərar veriləcək. Əsas diqqətimiz hazırda komandanın nəticələrini yaxşılaşdırmaq və mövsümü layiqincə başa vurmaqdır.

FƏRİD

Shares: