Misli Premyer Liqasının 28-ci turu qeyri-məhsuldar keçdi. Təsadüfi deyil ki, hesabat turunda qapılara cəmi 9 qol vuruldu. Turun 4 görüşündə təkqollu qələbə qeydə alındı. 6 qarşılaşmadan üçündə qonaqlar, ikisində ev sahibləri qələbəni bayram etdilər, bir oyunda isə heç-heçə qeydə alındı.
Turun qələbəsi
Turun “Qarabağ” və “Sabah” arasında keçirilən mərkəzi oyununda hansı nəticənin qeydə alınacağı maraqla gözlənilirdi. 17 mindən çox azarkeşin tribunadan izlədiyi qarşılaşmada sevinən tərəf qonaqlar oldu. “Sabah” 47-ci dəqiqədən etibarən meydanda azlıqda qalmasına rəğmən, matçdan 3 xalla ayrılmağı bacardı. Bu, çempionluğun taleyinin böyük ölçüdə təmin edilməsi baxımından, “bayquşlar” üçün çox vacib qalibiyyət oldu. Onu da qeyd edək ki, “Qarabağ” cari mövsümdə heç bir oyunda “Sabah”a qalib gələ bilməyib.
Turun darmadağını
Turun yeganə böyükhesablı qələbəsinə “Turan Tovuz” imza atdı. Qərb təmsilçisi “Araz-Naxçıvan”la səfər görüşündə 3 xalı 3 cavabsız qolla qazandı. Halbuki 72-ci dəqiqəyədək tablodakı rəqəmlər eyni idi və bərabərsəviyyəli oyun gedirdi. Ancaq təzyiqi artıran və 20 dəqiqə ərzində Naxçıvan klubunu 3 dəfə cəzalandıran “Turan Tovuz” darmadağın sayəsində “Qarabağ”la aradakı xal fərqini minimuma endirdi və gümüş medallar uğrunda sonadək mübarizə aparacağını təsdiqlədi.
Turun bitən seriyası
Hesabat turu “Sumqayıt”ın qələbə həsrətinin bitməsi ilə də yadda qaldı. 3 ay idi qələbə üzü görməyən “kimyaçılar” uğursuz seriyaya “Qəbələ” ilə ev matçında son qoydular. Əslində, oyun baxımından qonaqlar daha yaxşı təsir bağışladı. Ancaq rəqib xeyli sayda qol epizodlarını boşa verincə, Höccət Haqverdinin 19-cu dəqiqədə vurduğu qol “Sumqayıt”ın uzun müddətdən sonra meydanı qalib tərk etməsinə zəmin yaratdı.
Turun məşqçisi
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycana buvaxtadək gəlmiş ən yaxşı xarici məşqçilərdən olduğunu bir daha təsdiqlədi. Qurban Qurbanovun heç cür üstələyə bilmədiyi litvalı mütəxəssisin “Qarabağ” önündəki məğlubiyyətsizlik seriyası davam etdi. “Sabah” ikinci hissənin əvvəlindəcə meydanda 10 nəfər qalsa da, Dambrauskasın düzgün əvəzetmələri hesabdakı üstünlüyün sonadək qorunması ilə nəticələndi və “bayquşlar” 90 dəqiqənin yekununda 1:0 hesablı səfər qələbəsinə sevindilər.
Turun futbolçusu
Bu ada “Turan Tovuz”un hücumçusu Joarlem Santosu layiq hesab etdik. Braziliyalı forvard tovuzluların “Araz-Naxçıvan” üzərindəki səfər qələbəsində müstəsna rol oynadı. Oyunun ən fəallarından olan Santos vurduğu 2 qolla Qərb təmsilçisinin qələbəsinə öz töhfəsini verdi.
Turun qapıçısı
“Zirə”nin qapıçısı Tiaqo Silva “Neftçi” ilə oyunda özünü yaxşı tərəfdən göstərdi. O, matç ərzində bir neçə dəfə komandasının köməyinə çatdı. Həm ilk, həm də ikinci hissədə inamlı təsir bağışlayan portuqaliyalı qolkiper kritik qurtarışları ilə azarkeşlərin alqışını qazandı.
Turun qolu
Bu tur başla vurulan qollar az olmadı. Aralarında “Karvan-Yevlax”ın hücumçusu Coy Sleyd Mikelsin “Şamaxı”nın qapısından keçirdiyi qol, xüsusən, fərqləndi. Mikels 38-ci dəqiqədə rəqib müdafiəçinin nəzarəti altında olmasına və qapıya tərəf baxmamasına rəğmən, çətin vəziyyətdə olsa da, Rauf Rüstəmlinin ötürməsini başla qola çevirməyi bacardı.
Turun antiqəhrəmanı
“Qarabağ”ın müdafiə xəttinin dirəyi hesab olunan Kevin Medina bu tur ciddi səhvlə yadda qaldı. O, “Sabah”la görüşün 45-ci dəqiqəsində adi epizodda sürüşərək yerdə qaldı, nəticədə Abdulax Xaybulaevin qol vurmasına şərait yaratmış oldu. Medinanın bu səhvi “Qarabağ”ın turu xalsız bitirməsi ilə nəticələndi.
FƏRİD






