“Araz-Naxçıvan”ın braziliyalı oyunçusu Bruno Franko futbolinfo.az sayttına müsahibə verib. 28 yaşlı müdafiəçi həm komandasının nəticələri barədə, həm də digər sualları cavablandırıb.

– XXVIII turda “Turan Tovuz”a 0:3 hesabı ilə uduzdunuz. Oyununuzda nə alınmadı?

– Premyer Liqanın ən yaxşı komandalarından biri ilə qarşılaşdıq. Turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparan çox güclü rəqibə qarşı oyunumuz çətin oldu. Onlar şanslarından daha yaxşı istifadə etdilər. Bu futboldur, hər detal vacibdir, daha az səhv edənin qazanmaq şansı çoxdur. Bəzən işlər istənilən kimi getmir. Amma biz başımızı dik tutmalı və irəli baxmalıyıq.

– Həmin oyun avrokuboklara vəsiqə baxımından həlledici idi. Hazırda komandanız 39 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır. Demək olarmı ki, artıq avrokubok yolu sizin üçün bitib?

– Əlbəttə, vəziyyət daha çətin oldu. Amma bizim bir məqsədimiz var və sona qədər mübarizə aparacağıq. Hər şeydən öncə, “Araz-Naxçıvan”ın adını hər oyunda layiqincə təmsil etmək bizim borcumuz və missiyamızdır. Biz də bunu edəcəyik. Komandamızda böyük məsuliyyət hissi var. Son matça qədər maksimum gücümüzü verib bu klubu ləyaqətlə təmsil edəcəyik.

–  “Araz-Naxçıvan” mövsümün əvvəlində Avropa gedəcəyi gözlənilən əsas namizədlərdən biri idi və hər şey də yaxşı başlamışdı. Komandanın uğurlu çıxışını davam etdirməsinə nə mane oldu?

– Çempionat çox rəqabətlidir və yüksək səviyyəyə malikdir. Buna görə yol boyu çoxlu çətinliklər və maneələr olur. Bu da yarışın daha balanslı və gərgin keçməsinə səbəb olur. Futboldur – təəssüf ki, hər zaman qalib gəlmək olmur, çünki qarşında güclü rəqiblər var. Oyunlar detallarla həll olunur. Bizim yaxşı matçlarımız da olub, səhvlər etdiyimiz oyunlar da. Məncə, biz həmişə inkişaf etməyə çalışmalıyıq – hətta zirvədə olanda belə, daha da təkmilləşmək üçün. Dediyim kimi, başımızı dik tutmalı, səhvlərimizdən öyrənməli və hər gün daha yaxşı olmaq üçün işləməliyik.

– Hakim qərarları komandanızın nəticələrinə nə dərəcədə təsir etdi?

– Hakimlik haqqında danışmaq çətindir, mübahisələri sevmirəm. Amma bəli, çoxlu şübhəli qərarlar oldu və bu, hamıya təsir etdi. “Araz-Naxçıvan” üçün də eyni idi. Futbolçu kimi belə hallarda əsəbləşir və məyus oluram, çünki gördüyümüz zəhmətin hakim səhvləri ilə nəticəyə təsir etməsi məni narahat edir. Düşünürəm ki, hər kəs özünü qiymətləndirməlidir: liqa, hakimlər və ümumilikdə futbolumuz. Nəticənin hakimliklə dəyişməsi məyusedicidir, lakin hər kəs özünü analiz etməli və inkişaf etməyə çalışmalıdır.

– Elmar Baxşıyevin gedişi nələri dəyişdi?

– Rəhbərlikdə dəyişiklik olanda təsir qaçılmazdır, çünki yeni fəlsəfənin tam oturması üçün vaxt lazımdır. Hər məşqçinin öz iş metodu, məşq yanaşması və oyun tərzi var. Biz futbolçuların vəzifəsi bu prosesləri anlamaq və hər zaman maksimum gücümüzü verməkdir.

–  Baxşıyevi Andrey Demçenko ilə necə müqayisə edərdiniz?

– Elmar müəllim həm yaxşı məşqçi, həm də yaxşı insandır. Məni çox şey öyrədən və bura gəlməkdə mənə kömək edən bir məşqçidir. Onunla işləmək çox dəyərli idi və məni buraya dəvət etdiyi üçün ona çox minnətdaram. O, əla məşqçidir, eyni zamanda Andrey Demçenko da belədir. Hər birinin öz üslubu və metodikası var. Müqayisəyə gəldikdə isə hər ikisinin öz keyfiyyətləri olduğunu deyə bilərəm.

–  Mövsümün sonunda komandada qalacaqsınız, yoxsa başqa təklifləriniz var?

– Bu cür məsələləri agentimə həvalə edirəm. Hazırda isə bütün diqqətimi “Araz”a yönəltmək istəyirəm. Yaxşı çıxış etmək və bu klubu qalan oyunlarda layiqincə təmsil etmək fikrindəyəm. Mən bu klubu təmsil edirəm və mövsüm hələ bitməyib. Qarşıda hələ çox işimiz var və mənim diqqətim meydandadır.

– Azərbaycanda həyat tərziniz necədir? Bakıda ən çox nəyi sevirsiniz və nəyi bəyənmirsiniz?

– Bakıda həyatım sakit keçir, normal məşq rejimim var və əlavə olaraq zalda ayrıca məşqlər edirəm. Şəhər çox gözəldir, burada yaşamaq xoşuma gəlir. Yalnız tıxacları sevmirəm.

– Azərbaycan çempionatının səviyyəsini necə dəyərləndirirsiniz, dostlarınıza burada oynamağı tövsiyə edərdinizmi?

– Mütləq dostlarıma da Azərbaycana gəlib oynamağı tövsiyə edirəm. Yaxşı və rəqabətli liqadır, güclü komandalar var və oynamaq üçün keyfiyyətli çempionatdır.

FƏRİD

Shares: