“Düşünürəm ki, “Zirə” – “Turan Tovuz” oyununda şanslar bərabərdir. Bu gün meydanda məşqçilərin taktiki savaşı gedəcək”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunun yarımfinalının cavab görüşü barədə danışarkən deyib.
60 yaşlı mütəxəssis bu gün baş tutacaq ilk yarımfinal oyununda komandaların gücünü bərabər hesab edir: “Taktiki cəhətdən komandalar artıq bir-birini tam analiz ediblər. Aralarında bir neçə oyun keçirilib, bu baxımdan komandaların bir-biri barədə yetərincə məlumatı var. Düzdür, “Zirə” 2:0 öndədir, bu da avantaj hesab olunur. Amma “Turan Tovuz” üçün geridönüş mümkünsüz deyil. Onların gücünə bələd olaraq bunu demək olar. Bu gün meydanda məşqçilərin taktiki savaşı gedəcək. Biri hesabı qorumaq üçün, digəri isə geridönüş üçün radikal addımlara əl atmalıdır. Burada “Turan Tovuz”u hesabı dəyişməyə köklənən komanda kimi nəzərdən keçirsək, geridönüş mümkün görünür. Həm də standart vəziyyətlərdə güclü olduqları üçün “Zirə” daha ehtiyatlı olmalıdır. Baxmayaraq ki, “Zirə”nin üstünlüyü var, amma hər iki komandanın finala çıxmaq şansını bərabərdir”.
Diniyev finalda mübarizə aparacaq komandalar barədə təxminlərini də bölüşüb: “Sabah” – “Qarabağ” görüşü də prinsipial keçəcək. Ona görə ki, bu, Avropa Liqasına gedən ən qısa yoldur. “Sabah” Çempionlar Liqasında yerini demək olar, təmin edibsə, “Qarabağ”, “Turan Tovuz” və “Zirə” Avropa Liqasına düşmək üçün gərgin mübarizə aparacaqlar. “Qarabağ” və “Turan Tovuz” avrokubokların bir addımlığındadır. Ancaq “Zirə”nin avrokubok şansları tam təmin olunmayıb, çünki “Neftçi” ilə mübarizə aparır. Bu, oyunları daha da prinsipial edir. “Sabah” – “Qarabağ” arasında olduğu kimi, bu oyunda da prinsip, prestij və nəticə baxımından böyük qarşılaşma olacaq. Düşünürəm ki, burada da şanslar bərabərdir. Bütün komandalara uğurlar arzulayıram”.
Qeyd edək ki, “Zirə” – “Turan Tovuz” oyunu bu gün saat 19:00-da start götürəcək.






