Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”ı üstələyən “Sabah” finalda “Zirə”yə rəqib olub

Futbolinfo.az saytı xəbər verir ki, paytaxt klubunun “Qızıl dubl”a yaxın olması Misli Premyer Liqasında 4-cü yerin önəmini birə-beş artırıb.

Çempionatda sona 5 tur qalmış ən yaxın izləyicisi “Qarabağ”ı 13 xal qabaqlayan Valdas Dambrauskasın yetirmələrini artıq çempion hesab etmək olar. Çox güman ki, növbəti mövsüm “Qarabağ”la “Turan Tovuz”u da avrokuboklarda görəcəyik.

Onlara qoşulmağa ən real namizəd, şübhəsiz ki, “Zirə”dir. Qəsəbə təmsilçisinin hər iki cəbhədə yoluna davam etməsi belə deməyə əsas verir. Çünki Rəşad Sadıqovun yetirmələri həm kubokda finaldadır, həm də çempionatda 4-cü yerdədir.

Lakin mövsümün sonunda “Zirə” avrokuboklardan kənarda qala da bilər. Bunun baş verməsi üçün komanda kubokun finalında uduzmalı, Premyer Liqada isə 4-cü yerdən aşağı düşməlidir. Əslində, bu ehtimal da az deyil. Hər halda finaldakı rəqib “Sabah” hazırda çox yaxşı formadadır və “Qızıl dubl” etmək arzusundadır. Çempionatda isə 5-ci pillədəki “Neftçi” “Zirə”dən cəmi 1 xal geri qalır. “Ağ-qaralar”ın ehtiyatında bir matçın olduğunu da unutmayaq.

Bir sözlə, reqlamentə görə, Premyer Liqanın çempionu ölkə kubokunu da qazanarsa, o zaman çempionatda 4-cü yeri tutan kollektiv Konfrans Liqasına vəsiqə əldə edir. Belədə ikinci yerin sahibi UEFA Avropa Liqasına yollanır. Yox, əgər “Zirə” ölkə kubokunu başı üzərinə qaldırsa, Avropa Liqasında iştirak hüququna yiyələnəcək, çempionatın 2-3-cü yerlərinin sahibləri isə Konfrans Liqasına yollanacaq.

Shares: