“Araz-Naxçıvan”ın müdafiəçisi Ömər Buludovun futbolinfo.az saytına müsahibəsi
- 28-ci turda “Turan Tovuz”a 0:3 hesabı ilə uduzdunuz. Halbuki 72-ci dəqiqəyə qədər hesab 0:0 idi. Oyunun sonlarında 3 qol buraxmağınız konsentrasiya çatışmazlığı ilə bağlı oldu, ya səbəb başqa idi?
- Düzünü desəm, konsentrasiya ilə bağlı problem oldu. 70 dəqiqə oyunu nəzarətdə saxladıq, yaxşı mübarizə gedirdi. İlk qoldan sonra açıq oyun göstərdik, risk etdik, hesabı bərabərləşdirmək istədik. “Turan Tovuz” bundan istifadə etdi, bizi əks-hücumlarda cəzalandırdılar. Məncə, bundan dərs çıxartmalıyıq.
- Növbəti oyununuz bu gün “Qəbələ”yə qarşı olacaq. Səfərdən 3 xalla qayıda biləcəksiniz?
- “Qəbələ” çətin rəqibdir, öz meydanında yaxşı oynayır. Amma biz də xal itirmək istəmirik. Məşqlərdə səhvlərimizi analiz etdik. Meydana yalnız qələbə üçün çıxacağıq. Azarkeşlərimizi sevindirmək borcumuzdur. İnşallah, səfərdən 3 xalla qayıdarıq.
- “Araz-Naxçıvan” hazırda 6-cı pillədə qərarlaşıb. Daha yuxarı pillələrdə olmağınıza nə mane oldu?
- Stabillik çatışmadı. Bəzi oyunlarda üstün olduğumuz halda xal itirdik. Bəzi epizodlarda fərdi səhvlər buraxdıq, bəzən də son vuruşlarda dəqiqlik çatmadı. Çempionat çox gərgin və mübarizəli keçdiyi üçün hər xal bizə vacibdir. Pontensialımız daha yuxarı yerlərdə olmağa imkan verir, sadəcə, bunu 90 dəqiqə ərzində göstərə bilməliyik.
- Son 5 turda hədəfiniz nə olacaq? Sizcə, “Araz-Naxçıvan”ın avrokuboklara vəsiqə qazanmaq ehtimalı realdırmı?
- Hədəf hər oyunda 3 xal almaqdır. Riyazi cəhətdən şansımız qaldığı müddətcə avrokubok üçün döyüşəcəyik. Futbol möcüzələri sevir.
- “Araz-Naxçıvan”la müqavilənizin müddəti mövsümün sonuna qədərdir. Rəhbərlik tərəfindən sizə yeni sözləşmə təklif edilib? Növbəti mövsümlə bağlı planınız nədir?
- Hazırda bütün fikrim çempionatın son oyunlarındadır. Komandaya maksimum fayda vermək istəyirəm. Müqavilə məsələsi ilə mövsümün sonunda məşğul olacağıq. Rəhbərliklə münasibətimiz yaxşıdır. “Araz Naxçıvan” mənim üçün doğma klubdur, qalsam, sevinərəm. Amma indi əsas olan meydandakı nəticədir.
FƏRİD






