“Bizim əsas problemlərdən biri hakimliklə bağlıdır. Bunun yaratdığı psixoloji gərginliyi aradan qaldırmaq üçün futbolçularla müəyyən reabilitasiya işləri aparılıb. Lakin hesab edirik ki, bu tədbirlər yetərli olmayıb”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Difai” klubunun prezidenti Asəf Məlikov səsləndirib.

Klub rəhbəri hər mövsümün əvvəlində məşqçilər qarşısında mübariz komanda formalaşdırmaq vəzifəsi qoyulduğunu bildirib: “Mövsümün başa çatmasına cəmi 4 tur qalıb və hazırda sonuncu pillədəyik. Bu vəziyyətdə maksimum güclə məşq etmək, oyunlarda isə məşqçilərin tapşırıqlarını tam və düzgün yerinə yetirmək vacibdir”.

Məlikov komandanın autsayderlər sırasında yer almasına görə məsuliyyətin həm məşqçilərin, həm də futbolçuların üzərində olduğunu vurğulayıb: “İdmanda hər zaman qalib də olur, məğlub da. Amma mövcud durum bizi qane etmir. Futbolçular və məşqçilərlə mütəmadi görüşlər keçirilir, vəziyyətdən çıxış yolunun hər kəsin öz işinə daha məsuliyyətlə yanaşmasından keçdiyi diqqətə çatdırılır”.

Klub rəsmisi əlavə edib ki, bu mövsüm əsas diqqət gənc futbolçuların komandaya cəlb olunmasına yönəldilib: “Bu il U-21 millisinin təlim-məşq toplanışına 3 futbolçumuz dəvət alıb. Lakin gənc oyunçular bəzi hallarda psixoloji gərginliyə tam hazır olmurlar. Bəzi oyunlarda hakim səhvləri həm həmin qarşılaşmanın, həm də sonrakı matçların nəticəsinə təsir göstərib. Təcrübəli futbolçular isə belə təzyiqlərdən daha tez çıxmağı bacarırlar”.

GÜNAY SÜLEYMANOVA

Shares: