Son illərdə Azərbaycanda qadın futboluna diqqətin artması həm daxili təşəbbüslər, həm də beynəlxalq idman siyasətinin təsiri ilə izah olunur. Xüsusilə FIFA və UEFA kimi qurumlar üzv ölkələr qarşısında futbolun bütün istiqamətlərdə inkişafını prioritet kimi qoyur.

Bu çərçivədə qadın futbolunun təşviqi artıq təkcə idman məsələsi deyil, həm də öhdəlik kimi qəbul olunur. Federasiyalar üçün qadın futboluna diqqət yetirmək beynəlxalq arenada mövqelərini qorumaq və müxtəlif proqramlardan faydalanmaq baxımından vacibdir. Bu səbəbdən Azərbaycanda da son dövrlər bu sahəyə ayrılan diqqət və resursların artması müəyyən mənada qlobal tendensiyaların davamı kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, gender bərabərliyi məsələsi müasir cəmiyyətlərin inkişaf sxemlərindən biri hesab olunur və idman bu baxımdan mühüm platformadır. Qadınların futbolda iştirakı onların sosial fəallığının artmasına, sağlam həyat tərzinin təşviqinə və cəmiyyətdə daha aktiv rol almalarına müsbət təsir göstərir.

Dünyada bunun uğurlu nümunələri kifayət qədərdir. Məsələn, ABŞ-də fəaliyyət göstərən National Womens Soccer League və İngiltərədəki FA Womens Super League artıq ciddi kommersiya dəyəri formalaşdırıb. Bu liqalar televiziya yayım hüquqları, sponsorluq müqavilələri və tamaşaçı marağı baxımından stabil inkişaf xətti nümayiş etdirir. Hətta FIFA Womens World Cup kimi turnirlər dünya üzrə yüzmilyonlarla izləyici toplayaraq qadın futbolunun potensialını açıq şəkildə ortaya qoyur.

IMG 6008 - Futbolinfo.az

Lakin bu uğurlu modelləri olduğu kimi Azərbaycana tətbiq etmək real görünmür. Hər bir ölkənin sosial strukturu, mədəni dəyərləri və idman ənənələri fərqlidir. Azərbaycanda futbol tarixən daha çox kişi auditoriyası ilə formalaşıb və geniş azarkeş kütləsi əsasən kişi futboluna yönəlib. Bu, təkcə maraq məsələsi deyil, həm də uzun illər ərzində formalaşmış sosial stereotiplərlə bağlıdır. Qadınların futbolda iştirakı hələ də cəmiyyətin müəyyən hissəsi tərəfindən tam qəbul olunmur və bu da kütləviləşmə prosesini ləngidir. Nəticədə qadın futboluna qoyulan investisiyaların qısa və orta müddətdə geniş geridönüş verməsi ehtimalı aşağı qiymətləndirilir.

Bundan əlavə, iqtisadi səmərəlilik məsələsi də xüsusi əhəmiyyət daşıyır. İdman sektoruna ayrılan vəsaitlər məhduddur və bu resursların düzgün istiqamətləndirilməsi strateji qərar tələb edir. Doğrudur, SOCAR müəyyən mənada bəzən futbolumuza istiqamətə fərq qoymadan pul xərcləyir. Yəni qadın futbolu  üçün də pul xərcləməyi israfçılıq saymaya bilərlər. Amma Azərbaycanda futbolun ümumi inkişaf səviyyəsi, xüsusilə regionlarda infrastrukturun vəziyyəti və uşaq futbolunun potensialı nəzərə alınarsa, prioritetlərin yenidən qiymətləndirilməsi zərurəti yaranır.

0b41bf5b 6f3a 480f 885d 5171cfc7b58c - Futbolinfo.az

Uşaq və yeniyetmə futboluna yatırılan sərmayə uzunmüddətli perspektivdə həm milli komandaların güclənməsinə, həm də peşəkar liqaların keyfiyyətinin artmasına gətirib çıxara bilər. Bu baxımdan, böyük maliyyə axınlarının qadın futboluna yönəldilməsi əvəzinə, daha balanslı bölgü modelinin tətbiqi daha məqsədəuyğun görünür. Azərbaycan Premyer Liqasında çıxış edən komandaların stadion problemi varsa, digər kiçik öhdəliklər üzərində təcili qərarlar qəbul etməyə dəyməz.

Qadın futbolunun inkişafı isə tamamilə ikinci plana keçirilməməlidir. Əksinə, bu sahəyə daha çox sosial və maarifləndirici layihə kimi yanaşmaq daha real və effektiv nəticələr verə bilər. Məktəblərdə idman proqramlarının genişləndirilməsi, universitetlərdə qadın komandalarının yaradılması, regional səviyyədə həvəskar turnirlərin təşkili qadın futbolunun bazasının formalaşmasına kömək edə bilər. Bu yanaşma həm cəmiyyətin qadın idmanına münasibətini tədricən dəyişdirər, həm də böyük maliyyə riskləri olmadan davamlı inkişaf imkanı yaradar. Eyni zamanda, bu model beynəlxalq qurumların tələblərinə formal deyil, məzmunlu şəkildə cavab verməyə imkan yaradar.

mane mollayeva qadin futbolu 1000x500 1 - Futbolinfo.az

Dünya təcrübəsi göstərir ki, qadın futbolunun uğurlu inkişafı üçün yalnız maliyyə deyil, həm də sosial qəbul, media dəstəyi və davamlı auditoriya lazımdır. Bu amillər olmadan edilən böyük investisiyalar gözlənilən effekti verməyəcək. Azərbaycanda isə bu komponentlər hələ tam formalaşmayıb və bu reallıq nəzərə alınmadan atılan addımlar effektiv olmaya bilər. Bu səbəbdən daha ehtiyatlı, mərhələli və reallığa əsaslanan strategiyanın seçilməsi vacibdir.

Nəticə etibarilə, Azərbaycanda qadın futbolunun inkişafı məsələsinə kompleks və rasional yanaşma tələb olunur. Bu sahənin əhəmiyyəti danılmazdır və müəyyən səviyyədə dəstəklənməsi vacibdir. Lakin mövcud sosial-mədəni və iqtisadi reallıqlar nəzərə alınaraq, onu daha çox sosial layihə kimi inkişaf etdirmək, əsas maliyyə resurslarını isə uşaq futbolu və ümumi futbol infrastrukturunun gücləndirilməsinə yönəltmək daha effektiv və davamlı nəticələr vəd edir. Bu yanaşma həm beynəlxalq öhdəlikləri yerinə yetirməyə, həm də ölkə futbolunun uzunmüddətli inkişafını təmin etməyə imkan yarada bilər.

TAHİR MİRZƏ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: