“Qarabağ” “Turan Tovuz” üçün maksimumu müəyyənləşdirdi. Avrokuboka vəsiqəni rəsmiləşdirmək üzrə olan qərblilər 3-cü pillədən yuxarı qalxa bilməyəcək.
Dünənki matç hər iki tərəf üçün kritik sayılırdı. Tovuzlular qələbə qazanacağı halda ikinci pilləyə şərik olacaq, mübarizəni bəlkə də son turadək davam etdirəcəkdi. Amma “Qarabağ” hətta xal bölgüsünə də razılaşmadı. Aradakı xal fərqini 6-ya çatdıran Qurban Qurbanovun yetirmələri gümüş medalları demək olar, təmin etdi.
Doğrudur, “Turan Tovuz” “Qarabağ”ı qabaqlamaq üçün hələ də riyazi şansa malikdir. Amma eks-çempion 3 tura 3 xal toplamayacaq vəziyyətdə deyil. Digər göstəricilərdə aşkar üstün olan ağdamlılar bir qələbə ilə işi bitirəcək. Heç qərblilərin də bütün matçlarda qalib gəlmək potensialı yoxdur. Xüsusilə dünənki yenilgidən sonra psixoloji durumun pisləşəcəyini nəzərə alsaq, bəlkə də elə növbəti turda “Turan Tovuz”un ümidləri bitəcək.
Əslində, tovuzluların dünən qələbə qazanmaq üçün imkanı var idi. “Qarabağ”ın heyətindəki çox ciddi itkilərə matçın startında Musa Qurbanlının zədəsi də əlavə olununca Qurbanovun əlinin altında oyunu gücləndirəcək qüvvə qalmamışdı. Bununla belə, meydan sahibləri topa sahib olaraq rəqibi təzyiq altında saxlamağı bacardı. Kurban Berdıyevin ənənəvi oyun üslubunu pozan ağdamlılar usta oyunçularının uzaqdan zərbələri ilə işi bitirdi.
Ardıcıl 11 oyunda məğlubiyyət görməyən “Turan Tovuz”un seriyası fevralın 1-də başlamışdı. Həmin vaxt məhz “Qarabağ”a uduzan qərbliləri yenə Qurbanovun yetirmələri dayandırdı.
FƏRİD






