“İmişli”nin portuqaliyalı hücumçusu Dioqo Kardozunun futbolinfo.az saytına müsahibəsi

– “Araz-Naxçıvan”la səfər matçında 3 xal qazandınız. Oyunu və nəticəni necə şərh edərdiniz?

– Hər iki komanda yaxşı oynadı. Çox çətin rəqiblə qarşılaşdıq, amma görüşə hazır olduğumuzu bilirdik. Nəticə gördüyümüz yaxşı işin nəticəsidir.

– Komandanıza 3 xal qazandıran qolu siz vurdunuz. Qələbənin memarı olmaq necə hissdir və “İmişli”dəki performansınız özünüzü tam qane edirmi?

– Qol vurmaq imkanım var idi, mən də bundan istifadə etdim. Amma bunu komanda yoldaşlarımdan hər hansı biri də reallaşdıra bilərdi. Əsas məqsəd “İmişli”nin qarşıya qoyduğu hədəflərə çatmasına töhfə verməkdir. Əgər bu töhfə qollarla müşayiət olunursa, bu, əlavə məmnunluq doğurur.

– “İmişli” gah ardıcıl bir neçə oyunda uğurlu nəticələrə imza atır, gah da xalsız qalır. Qeyri-stabil çıxışın səbəbini nədə görürsünüz?

– Çempionat uzun marafondur. Komandalar mövsüm ərzində müxtəlif mərhələlərdən keçir və hər zaman pik formada olmaq mümkün deyil. Biz öz gücümüzün fərqindəyik və hər gün bu səviyyəni qoruyub inkişaf etdirmək üçün əlimizdən gələni edirik.

– Növbəti turda “Zirə”ni qəbul edəcəksiniz. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– Qarşılaşdığımız komandadan asılı olmayaraq, hər oyuna eyni məqsədlə çıxırıq. Qalib gəlmək istəyirik və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– Hazırda 9-cu pillədə olan “İmişli” mövsümü daha yuxarı pillədə bitirə bilərmi? Son 3 turda neçə xal qazanmağı planlaşdırırsınız?

– Mövsüm üzrə əsas hədəfimizə artıq çatmışıq, lakin ambisiyalarımız bununla məhdudlaşmır. Hər zaman daha artığını istəyirik. Xal məsələsinə gəlincə, qalan son üç oyuna da yalnız qələbə məqsədilə çıxacağıq.

– Mətbuatda komandanızın baş məşqçisi, həmyerliniz Jorj Kaşkilyanın yayda “İmişli”dən ayrılacağı haqda xəbərlər yayılıb. Onun gedişi sizin “İmişli”dəki karyeranıza mənfi təsir edə bilərmi?

– Jorj Kaşkilya komandamızla yüksək səviyyədə iş aparıb. O, bizə böyük dəstək göstərib və əməyini layiqincə qiymətləndirməliyik. Mən isə “İmişli”yə fayda vermək üçün əlimdən gələni etməyə davam edəcəyəm.

FƏRİD

Shares: