Növbəti mövsümün aşkar autsayderi “İmişli” olacaq. Cari çempionat aldadıcıdır. “Kəpəz”in startda özü-özünü böhrana sürükləməsi, “Karvan-Yevlax”ın uğursuz başlanğıcı, “Qəbələ”də strategiyanın düzgün seçilməməsi “İmişli”ni uğursuzluqdan qurtardı.

İnsaf naminə, bölgə klubu düzgün məşqçi seçimi sayəsində də ayaqda dura bildi. Jorj Kaşkilya bəd proqnozlara rəğmən, əla işlədi. O, yaxşı heyət seçdi, öz dəst-xəttini tətbiq etdi və hər şey alındı. “İmişli”nin növbəti mövsüm uğursuz olacağını proqnozlaşdırmağımız da bununla bağlıdır – komandada yeganə düzgün addım məşqçi ilə bağlıdır, klub rəhbərliyi isə hər şeyi olduğu kimi saxlayıb məhz Kaşkilyanı göndərmək barədə düşünür. Klub prezidenti Kamran Eyyubov məşqçi kurslarına qatıldıqdan sonra yəqin portuqaliyalıdan daha çox şey istəməyə başlayıb. Elə bu da onların sonunu gətirəcək.

Hələ də ev qələbəsi olmayan “İmişli” dünən yenə tilsimi qırmağı bacarmadı. Amma bölgə təmsilçisinin “Zirə” ilə matçda qazandığı bir xal azı 9-cu yeri təmin etmələrinə imkan verəcək. Bu, debütant üçün yaxşı nəticədir. Kaşkilyanın taktiki seçimlərini özünü doğrultdu, iddialı rəqib büdrədildi.

“Zirə” bu xal itkisi ilə 4-cü pillə uğrunda mübarizədə ciddi zərbə aldı. Doğrudur, çətin qrafiki olan “Neftçi” hələ işi bitirməyib, amma qəsəbə təmsilçisi indi rəqibinin bir deyil, iki dəfə büdrəməsini gözləməlidir. Belə ehtimal az inandırıcı olduğu üçün Rəşad Sadıqovun yetirmələri ölkə kubokunun finalında qələbə qazanmalıdır. Bunu bacarsalar, Avropa Liqasına vəsiqə qazanıb çempionatın son iki turunu formallığa çevirəcəklər. Əks halda, “Neftçi” avrokubok mübarizəsində daha rahat görünəcək.

Əslində, “qartallar”ın Qubada büdrəməsinin bir səbəbi də 4 gün sonrakı titul görüşü oldu. Sadıqov finalı düşünərək heyətdə müəyyən ehtiyatlı addımlar atdı, bu da nəticəyə təsir etdi. Amma qonaqların büdrəməsiniin əsas səbəb meydan amli idi. Ev oyunlarını şimal şəhərində keçirən “İmişli”nin uyğunlaşdığı qazonda “Zirə” əziyyət çəkdi. Zədə ehtimalı yüksək olduğu üçün qonaqlar bəzən ehtiyatlı davrandı, daha cəsarətli oynamadı, bu da nəticədə əksini tapdı.

Premyer Liqada ilk mövsümü olduğu üçün AFFA tərəfindən “İmişli”yə güzəşt edilmişdi. Digər klublar bu əziyyətə qatlaşmağa razı oldu, lakin yeni mövsümdən tələblər dəyişməlidir. Ev oyunlarını Qubada keçrən “İmişli” bu rəzilliyə son qoymalı, çempionatın ümumi görünüşünü pozmamalıdır. Quba stadionunda Premyer Liqa matçları keçirilməməlidir. Belə meydanlarda ən yaxşı halda aşağı liqa təmsilçiləri – o da məcburiyyətdən – çıxış edə bilər.

Ümumiyyətlə, “İmişli”nin Qubada meydan sahibi olması absurd və ayıbdır. Eyniadlı şəhərdə yüksək səviyyəli arena var. Hansısa formada oranın sahibləri ilə dil tapmaq, uzunmüddətli icarə müqaviləsi bağlamaq, infrastrukturu yeniləmək lazımdır. Bu mümkün deyilsə, “İmişli” Premyer Liqadan qovulmalıdır. Gah Mərdəkanda, gah Sumqayıtda məskən salan “Araz-Naxçıvan”la birlikdə…

Əvəzində “Karvan-Yevlax” idman nəticələrinə rəğmən, elitada saxlanılmalıdır. Yevlaxlılar ayrılan büdcəni yerli stadionun təmirinə yönəltdi, ən azı ölkə futboluna “Kəpəz”in də istifadə etdiyi bir stadion qazandırdı. “İmişli”, “Araz-Naxçıvan” büdcəni lazımsız legionerlərə dağıtdı, avrokuboklara vəsiqə əldə edilmədi, üstəlik, gələcək üçün də bir iş görülmədi. Bu səbəbdən futbolun gələcəyini ən azı adı çəkilən iki klubdan daha çox düşünən “Karvan-Yevlax”ı qorumaq lazımdır.

“İmişli”, “Araz-Naxçıvan” ölkə futboluna nə verib? Azarkeşləri yox, infrastukturları yox, nəticələri yox, milli komandalara futbolçu vermirlər – bu şərtlər arasında Premyer Liqada qalmalarındansa, komanda sayını azaldıb onları I Liqaya göndərmək gərəkdir.

CAVAD

Shares: