“Qəbələ” indidən pley-off oyunlarına hazırlaşsın. Kaxaber Sxadadzenin yetirmələri 3 oyuna 7 xallıq fərqi aradan qaldırıb 10-cu pilləyə qalxacaq komanda deyil. “Karvan-Yevlax” üçün də onları son pilləyə salması üçün çox gecdir.
“Kəpəz” dünən Premyer Liqada qalmaq üçün çox vacib qələbə qazandı. Çempionluğu təmin edən “Sabah”ın bir az arxayınçılığından, bir az da kubokun finalını düşünüb ehtiyatlanmasından faydalanan gəncəlilər sürpriz nəticəyə imza atdı. Azər Bağırovun yetirmələri “bayquşlar”ın 22 oyunluq məğlubiyyətsiz seriyasını qırmaqla yanaşı, həm keçmiş, həm də indiki çempiona qalib gəlməyi bacaran yeganə komanda oldu. “Qarabağ” gəncəlilər qarşısında bu mövsüm iki dəfə məyusluq yaşayıb.
Təbii ki, “Sabah” qarşıdakı finalı düşünüb bir çox oyunçusunu qorusa da, bu komandanın ikinci heyəti belə gəncəlilərdən daha sanballıdır. Bunu ilk hissədə üstün oyunları ilə göstərdilər. Meydan sahibləri qol vurmağı bacarmadısa, bunu Yusif İmanova borcludur. Gənc qapıçı yetirməsi olduğu komanda ilə görüşdə sanki ikiqat motivasiya ilə oynayırdı.
Gəlişi ilə Yusifin “Sabah”dan ayrılmasına səbəbkar olan Stas Pokatilovsa sanki həmkarının qurtarışlarından məyus olmuşdu. Və bu məyusluq oyunun nəticəsinə təsir edən səhvə səbəb oldu. Mövsüm boyu etibarlı oynayan qazaxıstanlı qolkiper ikinci hissənin startındaca yanlış ötürmə edincə hesab açıldı.
Dünənki qarşılaşma bu komandaların qüvvələr nisbətinin real əksi deyildi. “Sabah”a xal lazım olsaydı, fərqli heyət və fərqli yanaşma görərdik. Lakin gəncəlilərin də haqqını vermək lazımdır. Meydan sahiblərinin hədiyyəsindən düzgün yararlanmaq özü də az iş deyil. Bundan başqa, qonaqlar fədakar oyunla əsas problemlərini həll edə bildilər.
Bu nəticə Valdas Dambrauskas üçün siqnal olmalıdır. “Sabah” rəhbərliyi gələn mövsüm yenə iddiasını davam etdirmək istəyirsə, heyət gücləndirilməli və genişləndirilməlidir. Komanda kubokun finalını düşünən kimi çempionatda məğlubiyyət yaşadı. Bu o deməkdir ki, iki cəbhədə oynamaq üçün qüvvə yetərsizdir. “Qarabağ”ın başına gələnlər də nümunə olmalıdır.
ABBAS






