“Hər il elitada qalmaq uğrunda mübarizə aparmaq “Kəpəz”in adına yaraşmır. Ümid edirəm ki, gələn mövsümdən hər şey dəyişəcək və komanda daha yuxarı pillələr uğrunda mübarizə aparacaq. Amma hazırkı reallıq budur və bunu qəbul etməliyik”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Əli Səmədov səsləndirib.

28 yaşlı yarımmüdafiəçi səfərdə “Sabah” üzərində qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib: “İlk növbədə “Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Hazırda Premyer Liqanın ən stabil və ən formada olan komandadır. Buna görə də oyuna ikiqat motivasiya ilə hazırlaşmışdıq və meydana yalnız qələbə üçün çıxmışdıq. Çünki mövcud vəziyyətdə bizim üçün hər xal çox önəmlidir. Məqsədimiz elitada qalmaq və pley-offdan uzaq olmaqdır. Buna görə də bütün gücümüzü ortaya qoyduq və qalib gəlmək istədik. Şükür ki, istəyimizə çatdıq. Ümumiyyətlə, “Sabah”a qarşı oyunlarımız yaxşı alınır. Daha əvvəl də bu stadionda son dəqiqələrdə buraxdığımız qolla məğlub olmuşduq. Sevindirici haldır ki, bu dəfə həmin ssenari təkrarlanmadı və 3 xalı qazandıq”.

Səmədov komandanın mövsüm ərzində yaşadığı çətinliklərdən də danışıb: “Mövsümə yaxşı başlamasaq da, sonradan vəziyyəti toparlaya bildik. Amma “Sumqayıt”la oyuna qədər ardıcıl 4 məğlubiyyət komandaya ciddi psixoloji təzyiq yaratmışdı. Hər məğlubiyyətdən sonra bu yük daha da artırdı. Ötən turdakı qələbə həm motivasiyamızı yüksəltdi, həm də bugünkü uğurun əsas səbəblərindən biri oldu. Hazırda ən yaxın izləyicimiz “Qəbələ” ilə aramızda 7 xal fərqi var. Düşünürəm ki, bu qələbə ilə çox vacib addım atdıq”.

Kapitan qarşıdakı oyunlara da toxunub: “Mövsümün bitməsinə az vaxt qalıb. Qarşıdakı iki turda “Araz-Naxçıvan” və “Neftçi” ilə qarşılaşacağıq. Hər iki rəqib çox güclüdür. Buna baxmayaraq, xal ehtiyatımızı artırmağa çalışacağıq. Üst pillələrdə qərarlaşan komandalarla oyunlar bizə əlavə motivasiya verir. Amma etiraf etməliyik ki, bu mövsüm turnir cədvəlində bizə yaxın olan rəqiblərlə matçlarda bəzən lazım olan ciddiyyəti göstərə bilmədik. Bu da toparlanmağımızı bir qədər gecikdirdi”.

Sonda isə Əli komandanın əsas üstünlüyünü vurğulayıb: “Ən böyük üstünlüyümüz kollektiv daxilində ailə ab-havasının və birliyin olmasıdır. Ola bilər ki, fərdi keyfiyyət baxımından bəzi klublardan geri qalaq, amma komanda ruhu baxımından belə düşünmürəm. Məhz bunun nəticəsində yaxşı mövsüm keçirdik və qarşımıza qoyulan minimum hədəfə çatdıq. Kapitan kimi həm meydanda, həm də meydandan kənarda üzərimə düşən məsuliyyəti yerinə yetirməyə çalışıram. Məşqçilər heyəti və rəhbərliklə birlikdə komandanın toparlanması üçün əlimdən gələni edirəm. Oynayıb-oynamamağımın fərqi yoxdur. Mən özüm də gəncəliyəm. Əsas odur ki, komandam uğurlu nəticələr qazansın. Bu mənə kifayətdir”.

GÜNAY SÜLEYMANOVA

Shares: