“Mövsümün sonunda müqaviləm başa çatır. “Arda” klubu mənə rəsmi şəkildə yeni müqavilə təklif edib. Lakin hələlik yekun razılıq əldə olunmayıb. Klub mənim komandada qalmağımı istəyir. Amma başqa təkliflərim də olduğu üçün qərar verməyə tələsmirəm. Bütün variantları dəyərləndirib, özüm üçün ən doğru seçimi edəcəyəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Cəlal Hüseynov deyib.
Milli komandamızın üzvü Bolqarıstan çempionatında “Botev” üzərində 2:1 hesablı qələbəni də dəyərləndirib:
“Matç mənim üçün möhtəşəm keçdi. Komanda olaraq uğursuz bir dönəmdən keçirdik və bu seriyanı qırmaq bizim üçün çox vacib idi. Pley-off şansımızı davam etdirmək baxımından bu qələbə böyük əhəmiyyət daşıyırdı. Ona görə də həm komandanın qələbəsinə sevindim, həm də karyeramda ilk dəfə dubla imza atdığım üçün ikiqat xoşbəxt oldum. Bu oyun mənim üçün xüsusi olaraq yadda qalacaq. Qarşılaşma son saniyələrə qədər dramatik keçdi. Rəqib penalti epizodundan yararlansaydı, hesab bərabərləşəcəkdi. Sevindirici haldır ki, bunu bacarmadılar”.
Hüseynov son oyunlarda yarımmüdafiəçi kimi çıxış etməsinə də münasibət bildirib:
“Bəli, son matçlarda yarımmüdafiəçi mövqeyində oynayıram. Bu mövqedə qol epizodlarına daha yaxın oluram və fərqlənmək daha rahatdır. Baş məşqçimizin mənə olan etimadını doğrultmağa çalışıram. Düşünürəm ki, verilən tapşırıqların öhdəsindən yaxşı gəlirəm”.
O, sonda qarşıdakı milli komanda toplanışı barədə də danışıb:
“Qarşıda milli komandanın toplanışı var. Həmin oyunlara maksimum hazır olmaq üçün çalışıram. İnşallah, klubdakı uğurlu çıxışımı millidə də davam etdirərəm. Milli komandanın qələbələrində pay sahibi olmaq üçün daim öz üzərimdə işləyirəm”.
GÜNAY SÜLEYMANOVA





