“Mövsüm ərzində baxımlı və hücumameylli futbolu ilə seçilən “Sabah”la müdafiədə etibarlı çıxışı və intizamlı oyunu ilə fərqlənən “Zirə”ni tam fərqli futbol üslublarının qarşıdurması gözləyir. Hər iki komanda üçün ilk buraxılan qol oyunun taleyinə ciddi təsir edə bilər. Azarkeşləri maraqlı və gərgin final gözləyir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Şahin Diniyev deyib.

Tərübəli mütəxəssis final qarşılaşmalarının xüsusi atmosferə malik olduğunu da vurğulayıb: “Final oyunlarının atmosferi və psixoloji yükü həmişə fərqli olur. Burada ən kiçik səhv belə həlledici rol oynaya bilər. Çempionatda itirilən xalları sonradan bərpa etmək mümkündür, amma final yalnız bir matçdan ibarətdir və səhvləri bağışlamır. Dünyanın hər yerində kubok finalları daha gərgin və ehtiyatlı keçir. Komandalar riskə getməkdənsə, taktiki gedişlərə üstünlük verməyə çalışırlar. Müdafiədə boşluq verməmək əsas prioritet olacaq”.

Diniyev həmçinin bol qollu qarşılaşma gözləmədiyini bildirib: “Açığı, bol qollu qarşılaşma gözləmirəm. Çünki oyunun məsuliyyəti futbolçular üzərində ciddi təzyiq yaradır. Ümumilikdə baxsaq, “Sabah” artıq çempionluğu təmin edib və Çempionlar Liqasına vəsiqə qazanıb. “Zirə” üçün isə bu final daha böyük əhəmiyyət daşıyır. Kuboku qazansalar, avrokuboklara yollanacaqlar. Bu baxımdan onları çox ciddi sınaq gözləyir”.

Sonda təcrübəli mütəxəssis hər iki komandaya uğurlar arzulayıb: “Belə oyunlarda favorit göstərmək çox çətindir. Düşünürəm ki, meydanda daha çox taktiki mübarizə izləyəcəyik. Hər iki komandaya uğurlar arzulayıram. Qoy, ən layiqli tərəf qalib gəlsin”.

GÜNAY SÜLEYMANOVA

Shares: