Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov dünən Bolqarıstan çempionatında dubl etdi. “Arda”nın müdafiəçisi “Botev”ə qalib gəldikləri oyunda (2:1) oyunun əsas qəhrəmanı oldu.
Səfər matçındakı qələdən sonra 23 yaşlı futbolçu təəssüratlarını bölüşüb: “İlk dəfədir dubl edirəm. Bu, mənim üçün ən yaxşı günlərdən biridir. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. “Botev” yaxşı komandadır, turnir cədvəlində bir-birimizə yaxınıq. Aramızda daha böyük fərq yaratmaq üçün qalib gəlməliydik. Mövsümü daha yaxşı şəkildə başa vurmaq üçün yaxşı imkanlarımız var və bunu etməliyik”.
Cəlal qolları barədə də danışıb: “Vurduğum ikinci qolun mükəmməl ötürməsini Dimitar Velkovski vermişdi. Qolun sirri də budur. Bugünkü qollarımı ailəmə həsr etmək istəyirəm”.
O, “Lokomotiv”ə qarşı keçirəcəkləri növbəti matç haqda fikirlərini bölüşüb: “Bəlkə də onlar rotasiyalar edəcəklər. Görəcəyik. Amma həm növbəti oyunda, həm də son matçda yalnız üç xal haqqında düşünməliyik. Və yalnız bu şəkildə şanslarımızdan yararlana biləcəyik”.
Millimizin üzvü Bolqarıstanda çətinlik çəkmədiyini söyləyib: “Mən bolqar dilini bilirəm. Danışmağı bacarıram, amma bir az utanıram. Paltardəyişmə otağında və komandada bolqar dilində danışıram və hər şeyi başa düşürəm”.






