Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni antidopinq qaydalarındakı dəyişiklikləri açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, dəyişikliklər həm dopinq pozuntularına tətbiq olunan sanksiyaları, həm də Terapevtik istifadə üçün istisna (Tİİ) prosedurlarını əhatə edir.

“Yeni qaydalara əsasən, nümunəsində qadağan olunmuş maddə aşkarlanan idmançı ilə bağlı işə xitam verilməsi üçün antidopinq təşkilatları əvvəlcədən WADA-nın təyin etdiyi müstəqil ekspertin rəyini almalı olacaq. Əks halda həmin qurum uyğunsuzluq riski ilə üzləşə bilər. Bundan başqa, şərti olaraq yarış və məşqlərdən kənarlaşdırılan idmançılar qərardan narazı qaldıqları halda əvvəlcə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil İntizam Komitəsinə, daha sonra isə Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət edə biləcəklər”, – AMADA-dan bildirilib.

Qaydalardakı digər mühüm yenilik diskvalifikasiya müddətləri ilə bağlıdır:

“Qadağan olunmuş maddənin orqanizmə necə daxil olduğunu və bunun nəticələrə təsir göstərmədiyini sübut edən idmançılar daha yüngül sanksiya ala biləcəklər. Pozuntunu etiraf edən və təklif olunan hüquqi nəticələrlə razılaşan şəxslər üçün də cəzanın müəyyən hissəsinin azaldılması nəzərdə tutulub. Yeni qaydalara əsasən, dopinq pozuntularına görə idmançılara təkcə diskvalifikasiya deyil, maliyyə cərimələri də tətbiq olunacaq. Eyni zamanda, milli federasiyaların antidopinq sahəsində öhdəlikləri sərtləşdirilib və qaydalara əməl etməyən qurumlara qarşı müxtəlif sanksiyalar nəzərdə tutulub”.

Qeyd olunub ki, WADA-nın Terapevtik İstifadə üçün İstisnalar üzrə Beynəlxalq Standartında (ISTUE) da bir sıra dəyişikliklər edilib:

“Yeni standartda Tİİ meyarları daha konkret formada müəyyənləşdirilib, retroaktiv müraciət prosedurları genişləndirilib və Tİİ komitələrinin fəaliyyəti ilə bağlı məxfilik, müstəqillik və qərar qəbuletmə mexanizmləri gücləndirilib. Bununla yanaşı, qərarların ADAMS sisteminə daxil edilməsi və müraciət müddətləri ilə bağlı daha dəqiq tələblər müəyyən olunub”.

Shares: