“Karyeramı başa vurmağımın əsas səbəblərindən biri artıq müəyyən bir nöqtəyə çatdığımı hiss etməyim idi. Əvvəlki klubumda çıxış edərkən də bu barədə düşünürdüm. Yerimdə saymaq istəmirdim. Özümü inkişaf etdirə biləcəyim, yeni istiqamətdə irəliləyəcəyim bir yol seçmək qərarına gəldim. Hazırda məşqçilik sahəsində də davamlı olaraq çalışır, bilik və bacarıqlarımı artırmağa çalışıram. Düşünürəm ki, bu seçim həm mənim, həm də gələcəyim üçün ən doğru addımdır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında karyerasını 27 yaşında başa vuran Şahin Zəkiyev deyib.

Təcrübəli qapıçı bildirib ki, futbolu bitirmək qərarını əslində ötən mövsüm veribmiş: “Karyeramı ötən mövsüm başa vurmağı planlaşdırırdım. I Liqadan bir neçə təklif alsam da, həmin layihələrdə özümü görmədim. Çünki iddiasız komandada çıxış etmək istəmirdim. Sonradan “Xankəndi”dən təklif gəldi və burada tam fərqli bir mühitlə qarşılaşdım. Futbolçusundan rəhbərliyinə qədər hamı eyni məqsəd uğrunda çalışan, iddialı və bir ailə kimi hərəkət edən insanlardır. Mənə göstərilən diqqət, verilən dəyər və layihəyə olan inam qərarımı dəyişdi. Mövsümə başlayarkən də məqsədim çempionluq yaşayıb karyeramı ən gözəl şəkildə başa vurmaq idi”.

Zəkiyev gələcəkdə “Xankəndi” ilə yenidən əməkdaşlıq ehtimalını da istisna etməyib: “Xankəndi”nin mənə ehtiyacı olarsa, heç vaxt “yox” demərəm. Əksinə, məmnuniyyətlə komandanın yanında olar, təcrübəmi bölüşərəm. Amma onu da vurğulamaq istəyirəm ki, bu qərarın klubun məni istəməməsi ilə heç bir əlaqəsi yoxdur. Futbolu başa vurmaq tamamilə şəxsi qərarımdır. Hətta bu barədə klub rəhbərliyi ilə də hələ danışmamışam. Əgər gələcəkdə komanda uyğun səviyyədə qapıçı tapa bilməsə və mənə ehtiyac yaransa, böyük məmnuniyyətlə yenidən “Xankəndi”nin qapısını qorumağa hazıram”.

GÜNAY SÜLEYMANOVA

Shares: