“Paraqvay millisi əziyyət çəkmədən heç nəyə nail ola bilmir”. Bunu sözügedən komandanın baş məşqçisi Qustavo Alfaro deyib. O, Almaniyaya qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra mətbuat konfransında bu barədə danışıb.

63 yaşlı mütəxəssis qalib gəldikləri oyunu şərh edib: “Futbolçularım sona qədər əzmlə mübarizə apardılar. Ləğv edilən qol epizodu da qeyri-müəyyənlik yaratmışdı. Həmin vəziyyətdə Orlando cərimə meydançasına göndərilən topu qarşılamaq üçün çıxmaq istəyərkən ona mane oldular. Xüsusilə də alman futbolçuların boy üstünlüyünü nəzərə alsaq, bu, çox vacib məqam idi. Xoşbəxtlikdən komandamız bu çətinliyin öhdəsindən gəldi. Bizdə hər şey həmişə belə olur. Əziyyət çəkmədən heç nəyə nail ola bilmirik. Penaltilər seriyasında iki zərbə fərqi ilə üstün idik və elə bilirdik ki, artıq qalib gəlmişik. Amma qalibi müəyyənləşdirmək üçün altıncı penalti zərbəsinə qədər gözləməli olduq”.

Qeyd edək ki, Almaniya – Paraqvay matçının əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) Paraqvay 1/8 finala yüksəlib.

Shares: