“Mançester Yunayted” və “Çelsi”nin sabiq yarımmüdafiəçisi Xuan Mata Avstraliyanın “Melburn Viktori” klubunun səhmdarları sırasına daxil olub. A-Liqa təmsilçisi 2010-cu ilin dünya çempionu olan 38 yaşlı ispan oyunçunu rəsmən yeni həmtəsisçi kimi təqdim edib. Gələcəkdə onun həmçinin direktorlar şurasında da yer alacağı gözlənilir.
Hazırda Mata növbəti mövsümdə oyunçu karyerasını davam etdirib-etdirməmək barədə düşünür. Bununla belə, “Melburn Viktori” rəhbərliyi futbolçunun karyerasını bitirən kimi, futboldakı əməliyyatlar üzrə yeni yaradılacaq komitəyə rəhbərlik edəcəyini bəyan edib.
“Meydanda keçirdiyim ötən mövsüm mənə böyük zövq verdi və bir səhmdar kimi ‘Viktori’yə investisiya qoymaq növbəti addım oldu. Avstraliya futbolunun gələcəyinə səmimi qəlbdən inanıram. ‘Melburn Viktori’yə gəldiyim ilk gündən bu klubun ehtirasını və liqanın potensialını hiss etdim. Mən sadəcə bir mövsümlük deyil, uzunmüddətli perspektivdə bizi gözləyən gələcəyin qurulmasında iştirak etmək istəyirəm”, — deyə “The Sun” nəşrinə müsahibəsində Xuan Mata bildirib.
