AFFA İcraiyyə Komitəsi yenə gizli, Gündəliyi açıqlanmadan yığışdı, qərarlar verdi. Qurumun hazırkı rəhbərliyinin vaxtında ənənəyə çevrilmiş məxfi iclasın növbətisinin gedişatı yenə sirr qaldı, qərarlar ümumi şəkildə çatdırıldı.
Doğrusu, bu mənasız gizliliyin səbəbini hələ də anlamış deyilik. Bu dəb futbolun inkişafına xidmət etmir, sadəcə, yanaşma fərqidir və heç də xoş qarşılanmır.
Əslində, komitənin yığışacağını, yeni texniki direktor Edmond Klausun təqdim ediləcəyini öncədən öyrənib dünən yazmışdıq. Müzakirə olunan digər məsələlərdən isə assosiasiyanın rəsmi məlumatından sonra xəbər tutduq.
Görüşdən çəkilən fotolardan aydınlaşır ki, İcraiyyə Komitəsi seyrək tərkibdə yığışıb. Yetərsay təmin edilsə də, Qurban Qurbanov, Balakişi Qasımov, Maqsud Adıgözəlov kimi aparıcı üzvlər müzakirələrdə olmayıb.
Qərarlara gəlincə, Azərbaycana həvalə edilən 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında bu il keçiriləcək ilk Dünya Çempionatı və Festivalı barədə ümumi məlumat verilib. Ardınca ölkə futbolunda 2025/2026-cı illər mövsümünün yekunları müzakirə olunub. İcraiyyə Komitəsinin üzvləri mövsüm ərzində təşkilatçılıq, yarışların keyfiyyəti və ümumi inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər. Lakin bu fikirlərin müsbət yönümlü, yoxsa tənqidlə zəngin olduğu barədə yayılan açıqlamada heç bir qeyd yoxdur.
Edmond Klausun təqdimatı reallaşıb. Onunla müqavilənin nə vaxt imzalanacağı, ictimaiyyət önünə nə vaxt çıxacağı bəlli deyil. Onun planları ilə tanış olmaq üçün mətbuat konfransı keçirməsinə də ciddi ehtiyac var.
Yeni yaradılmış Futbol İnkişaf Departamentinin fəaliyyəti və 5 ulduz modeli üzrə akademiyaların sertifikatlaşdırma qaydaları ilə bağlı məlumat verilib. Növbəti mövsümdən etibarən tətbiq olunacaq qaydalar ətrafında fikir mübadiləsi aparılıb.
AFFA-nın məlumatında bu departamentin yaradılmasının məqsədi və s. haqqında heç bir bilgi yoxdur. Yalnız təxmin edə bilərik ki, qəbul edilən İnkişaf Strategiyasının tətbiqi üçün məhz bu qurum lokomotiv rolunu oynayacaq. AFFA bu departamenti yaratdıqdan sonra Futbolun İnkişaf Fondunun (FİF) ləğvi barədə düşünsə, pis olmaz. Çünki FİF klublara sponsor tapılmasında əsas rolu oynamır, sadəcə, vasitəçilik edir, əvəzində hər il assosiasiyanın büdcəsindən bir milyon manatdan çox vəsait “yeyir”. İşçi heyətinə, mənasız layihələrə sərf olunan bu vəsaitdən daha səmərəli istifadə etmək olar. Klublara sponsorların cəlbini digər departamentlərə tapşırmaq daha faydalıdır, nəinki büdcədən qidalanan böyük bir qurumu saxlamaq.
Əslində, FİF-in fəaliyyətinin ciddi araşdırılmasına ehtiyac var. Vaxtilə ianələr üçün qurumun yaratdığı saytın xərci toplanan yardımdan çox olmuşdu. Klublarla sponsorların qovuşdurulmasında “başqa” əməliyyatların olduğu barədə də ciddi söz-söhbətlər var. Tural Piriyevin “Turan Tovuz”la avtobus alveri, problemli klubun Ehtiram Qulyevə sırınması və s. detallar da diqqət çəkir.
İcraiyyə Komitəsinin iclasına qayıdaraq qeyd edək ki, baş katib Cahangir Fərəcullayev Misli Premyer Liqası klublarına qrant müqaviləsi əsasında uşaq və yeniyetmə futbolunun inkişafı üçün ayrılan maliyyə yardımından istifadə qaydaları və nəzarət mexanizmi barədə yeni yanaşma barədə məlumat verib. Səsverməyə qoyulan məsələ İcraiyyə Komitəsi tərəfindən qəbul edilib. Lakin bu cümlələr yenilyin məğzni açmır. AFFA yeni yanaşmanın nədən ibarət olduğunu ictimaiyyətə bəyan etməlidir.
Elə Elit Məşq layihəsi üçün təklif olunan yeni formatın necə olduğunu da bilmirik. İcraiyyə Komitəsinin üzvlərinin qeydləri əsasında, layihənin təkmilləşdirilməsi ilə bağlı tapşırıq verilib. İllərdir faydasını görmədən milyonlar xərclənən bu layihənin effektivliyini artırmaq üçün nələrin düşünüldüyünü bilmədən nəsə yazmaq istəmrik. Ümid edirik, AFFA-dan kimsə bütün bu qərarların mahiyyətini izah etməyə ehtiyac duyacaq.
İcraiyyə Komitəsi gizli yığışmasaydı, tədbirə jurnalistlər dəvət olunsaydı, belə vəziyyət yaranmazdı. O zaman məsul şəxslərdən biri media önünə çıxaraq qərarları detallı şəkildə izah edər, çaşqınlığa son qoyardı. İndiki vəziyyətdə isə tapmaca tapmalıyıq.
ABBAS
