“Qəbələ” və “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyevin futbolinfo.az saytına müsahibəsi
– “Araz-Naxçıvan”dan ayrılandan bəri işsizsiniz. Təkliflər varmı? Sizi nə vaxt yenidən iş başında görə biləcəyik?
– Hazırda daha çox dünya çempionatını izləməklə məşğulam. Danışıq apardığım klub yoxdur. Yenidən nə vaxt işə başlamağım məndən asılı məsələ deyil.
– DÇ-2026-da hansı komandaların oyununu bəyənirsiniz və çempionun kim olacağını düşünürsünüz?
– Oyun baxımından Mərakeş və Portuqaliyanı deyərdim. Çempionun kim olacağına gəlincə, konkret favorit göstərmək çətindir. 1/16 final mərhələsinin oyunları göstərir ki, bu mundialda favorit komanda yoxdur.
– Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Sabah” birinci təsnifat mərhələsində Uelsin TNS klubu ilə üz-üzə gələcək. Azərbaycan çempionundan bu dueldə gözləntiniz nədir?
– Ümumilikdə, püşkü təmsilçilərimiz üçün normal dəyərləndirmək olar. Yaxşı hazırlıq nəticəsində 4 klubumuz da növbəti mərhələyə adlamaq gücündədir. TNS Britaniya təmsilçisi olduğundan, daha çox bu komanda təhlukəli sayıla bilər. Nəzərə alsaq ki, “Sabah” birinci təsnifat mərhələsində oyun baxımından optimal formadan uzaq olacaq, deməli, rəqib daha ciddiyə alınmalıdır. TNS daha çox atletik futbola üstünlük verdiyindən, güc baxımından “Sabah”a çətinlik yarada bilər.
– “Qarabağ” isə Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə üz-üzə gələcək. Sizcə, Qurban Qurbanovun komandasını bu mərhələni asanlıqla adlaya biləcək?
– “Qarabağ”a bu mərhələləri keçmək problem olmamalıdır. Bunu komandanın illərdir avrokubok təcrübəsi yığdığını əsas götürərək deyirəm. “Vestri”nin “Qarabağ”a problem yaradacağını düşünmürəm.
– “Qarabağ”ın heyətində ciddi yenilənmə gedir. Bu məqam Ağdam təmsilçisinin işini çətinləşdirə bilərmi?
– Bu, futbolda olan haldır. Hər bir komanda yenilənməyi normal qarşılamalıdır. Məncə, “Qarabağ”ın heyətinin yenilənməsi onun avrokuboklardakı çıxışına mənfi təsir göstərməyəcək.
– “Neftçi” və “Zirə”nin ilk mərhələni adlamaq şanslarını necə dəyərləndirirsiniz?
– “Qarabağ” haqda dediyim sözləri “Neftçi”yə də aid etmək olar. Həm “Neftçi”nin, həm də “Zirə”nin rəqiblərinin də münasib komandalar olduğunu düşünürəm. Məncə, bu rəqiblər bizim təmsilçilərimiz üçün problem yaratmamalıdır.
FƏRİD
