“Şamaxı”nın braziliyalı müdafiəçisi Sezar Enrikenin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 31-ci turunda “Neftçi”yə böyük hesabla uduzdunuz. Halbuki cari mövsümdə bunadək keçirdiyiniz digər 2 oyunda rəqibə məğlub olmamışdınız. 0:3 hesablı yenilgini necə izah edərdiniz?

– Biz yaxşı oyun göstərmədik, meydanda çoxlu səhvlər etdik. Buna görə də yekunda böyükhesablı məğlubiyyət qeydə alındı.

– Son 2 matçda qapınızdan 6 qol buraxmısınız. Bu, David Santosun “Sabah”la görüşdə hesab 0:0 olarkən zədələnməsi ilə əlaqədardır? Onun boşluğunu doldurmaqda çətinlik çəkirsiniz?

– Santosun zədələnməsi müdafiə xəttimiz üçün çox böyük itki idi. Əgər bu, mövsümün əvvəlində baş versəydi, boşluğu doldurmaq üçün vaxtımız olardı. Amma sezonun sonunda buna uyğunlaşmaq bir az çətin olur.

– 32-ci turda “Turan Tovuz”u qəbul edəcək, ardınca isə “Qəbələ”nin qonağı olacaqsınız. Mövsümün son iki oyununda ümumilikdə neçə xal toplamağı hədəfləmisiniz?

– Futbolda təxminlərə yer yoxdur, yaxşı oyun göstərməli və qələbə qazanmağa çalışmalısan. Hətta yaxşı oynadıqda belə məğlub ola bilərsən. Buna görə də hər dəfə əvvəlki matçdan daha yaxşı olmalıyıq.

– Hazırda 8-ci yerdəsiniz, amma qalan iki turdakı nəticələrə əsasən, 7-ci pilləyə qalxa və ya 9-cu yerə düşə bilərsiniz. “Şamaxı”nın cari mövsümdəki çıxışını ümumilikdə necə dəyərləndirirsiniz?

– Məncə, builki yarış daha rəqabətli keçdi. Komandamız bəzi məqamlarda büdrədi. Turnir cədvəlində daha yaxşı mövqeyə qalxa biləcəyimiz oyunlarda xal itirdik.

– “Şamaxı” ilə müqaviləniz cari mövsümün sonunda bitir. Rəhbərlik sizə yeni sözləşmə təklif edib? Başqa klublardan təklifləriniz varmı?

– Hazırda müzakirələr gedir. Klub və mənim üçün ən yaxşı olana qərar verəcəyik.

– Azərbaycan çempionatında sizi ən çox nə cəlb etdi? Liqamızda bəyəndiyiniz əsas məqamlar hansılardır?

– Məncə, əsas məqamlardan biri çempionatda eyni rəqiblərlə bir neçə dəfə qarşılaşmağımızdır. Braziliyada buna öyrəşməmişdim.

CAVAD

Shares: