Xabi Alonsonun İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyinatı rəsmiləşib. Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspan çalışdırıcı iyulun 1-də işə başlayacaq. Onun yeni komandası ilə müqaviləsi 4 illikdir.
“Çelsi dünya futbolunun ən böyük klublarından biridir və bu möhtəşəm klubun baş məşqçisi vəzifəsini öz üzərimə götürdüyüm üçün inanılmaz dərəcədə qürur duyuram. Rəhbərliklə söhbətlərimdən aydın olur ki, eyni ambisiyaları bölüşürük. Ən yüksək səviyyədə çıxış edə və kuboklar uğrunda mübarizə apara bilən bir komanda qurmaq istəyirik. Heyətdə istedadlı oyunçular çoxdur və klubun böyük potensialı var. “Çelsi”yə rəhbərlik etmək mənim üçün böyük şərəf olacaq”, – deyə Alonso bildirib.
44 yaşlı mütəxəssis 2025-ci ilin mayından “Real”a (İspaniya) rəhbərlik etsə də, klub onu bu ilin yanvarında istefaya göndərmişdi. “Çelsi” isə Liam Rosenyorun istefaya göndərilməsindən sonra başsız qalıb.






