“Müqaviləmdə 1+1 bəndi var. Sadəcə, mövsümün sonuna hələ bir oyun qalıb. Çempionat başa çatandan sonra klub rəhbərliyi ilə oturub bu məsələni müzakirə edəcəyik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “İmişli”nin futbolçusu Azər Salahlı deyib.

Təcrübəli müdafiəçi gələcəyi ilə bağlı yekun qərarın mövsüm bitdikdən sonra veriləcəyini bildirib.

Salahlı “Qarabağ”a 0:3 hesablı məğlubiyyəti də şərh edib. O bildirib ki, turnir cədvəlində mövqelərini əvvəlcədən müəyyənləşdirmələrinə baxmayaraq, komanda meydana mübarizə aparmaq üçün çıxıb: “Baxmayaraq ki, turnir cədvəlindəki yerimizi artıq müəyyən etmişdik və bu oyun bizim üçün elə də ciddi əhəmiyyət kəsb etmirdi, yenə də sona qədər mübarizə apardıq. Xüsusilə ilk hissədə “Qarabağ” kimi güclü və təcrübəli komandaya qarşı yaxşı müqavimət göstərə bildik. Düşünürəm ki, ilk yarıda komandamız istədiyi oyunu sərgiləyə bilirdi. Amma təəssüf ki, ikinci hissənin əvvəlində diqqətsizlikdən erkən qol buraxdıq. Həmin qoldan sonra komandada müəyyən ruh düşkünlüyü yarandı. Bundan sonra oyuna əvvəlki kimi nəzarət etmək çətin oldu və sonda meydanı məğlub tərk etdik”.

Təcrübəli futbolçu gələcək hədəfləri barədə danışmağın hələ tez olduğunu da vurğulayıb: “Hələlik bu barədə danışmaq çox tezdir. Çünki çempionat hələ tam başa çatmayıb. Mövsüm bitəndən sonra bir qədər istirahət etmək lazımdır. Ondan sonra həm gələcəklə, həm də qarşıdakı hədəflərlə bağlı daha ciddi şəkildə danışmaq olar”.

GÜNAY SÜLEYMANOVA

Shares: