“Sabah”la “Qarabağ” son turu da qələbə ilə başa vurdu. “Bayquşlar” öz evində qonaq simasında sevindisə, ağdamlılar Sumqayıtda mövümü major notlarla bitirdi.

“Turan Tovuz” avrokuboka vəsiqəni təmin etdikdən sonra ardıcıl 2 oyundur məğlub olur. Deyəsən, motivasiyasızlıq ən çox tovuzlulara mənfi təsir edib. Cari mövsümdə 4 fərqli stadionda ev sahibi olan komanda dünən onlar kimi istirahət əhvalında olan “Sabah” müqavimət göstərə bilmədi. Finişdə ağır mövsümün bütün yorğunluğunu üzərində hiss edən komanda fasilədə mütləq silkələnməldi. Əks halda, avrokubokda fiasko qaçılmazdır.

“Sabah”da oyun planında geriləmə hiss olunmur. Lakin Masazır təmsilçininin düşərgəsindən də narahatedici xəbərlər gəlməkdədir. Coy-Lens Mikelsin yeni müqavilə imzalamaması yaxşı hal deyil. Heç bir futbolçu əvəzolunmaz deyil, amma almaniyalı Valdas Dambrauskasın ansamblında əsas ifaçılardan biri idi. Onun yerini doldurmaq asan olmayacaq. Və təbii ki, bu məqam avrokubokda komandaya mənfi təsir göstərəcək.

Mikelslə bağlı problem daha öncə də yaşanmışdı. O, “Sabah”da əla mövsüm keçirdikdən sonra malyyə məsələsində problem çıxartmış, Səudiyyə Ərəbistanına yollanmışdı. O zaman həm o, həm də klubu ayrılığın acısını yaşamışdı. Eyni ssenarinin təkrarlanması xoş olmayacaq. Çünki Mikels aparıcı rola malikdir və karyerasının ən yaxşı dönəmini yaşayır.

Əsas rəqibində yaşanan problemin fonunda “Qarabağ” güclənməklə məşğuldur. Ağdamlılar yeni transferləri bir-bir açıqlamağa başlayıb. Üstəlik, Qurban Qurbanov əsas heyət üzvlərini istirahətə tez buraxmaqla yeni mövsümə ciddi yanaşacaqlarının siqnalını verdi. Yalnız Marko Yankoviçin digər lider oyunçular kimi vətəninə yollanmaması diqqət çəkdi. Bəlkə də Aleksey Kaşuk kimi onun da satılması ehtimalı var?

Dünənki matça gəlincə, “Qarabağ” ikinci heyətlə də “Sumqayıt”a şans vermədi. Hətta Ramil Şeydayev də qol hesabını açmağa imkan tapdı. Komandanın gəncləri alışdığımız dominant futbolu sərgləməyi bacarmasa da, ümid verdilər.

Saşa İliç matçdan sonra vida çıxışı etdi. Serb çalışdırıcının gedəcəyi çoxdan bəlli idi, nəhayət, öz dilindən eşitdik. O, “Sumqayıt”a heç nə qazandırmadı, legioner bolluğuna rəğmən, öz dəst-xəttini oturtmağı bacarmadı. Beləcə rəhbərlk daha bir uğursuz mövsüm üçün günahkar tapdı. Halbuki İliç gələrkən də onun uğursuz olmaq ehtimalı böyük idi. Onu az qala dahi, xilaskar kimi təqdim edənlər indi azarkeşlərə cavab verməldir.

Bu gün və sabah daha 3 oyun baş tutacaq. Bu qarşılaşmaların hamısında meydan sahibləri rəqiblərini qaçqın statusunda qəbul edəcək. “Kəpəz” və “Araz-Naxçıvan” Sumqayıtda, “İmişli” isə yenə Qubada ev sahibi olacaq. Gələn mövsüm eyni şeylərin təkrarlanmayacağına ümid edirik. İnanmırıq, yalnız ümid edirik…

ABBAS

Shares: