Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasovun futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı” “Qəbələ” ilə son turun oyununa əsas heyətin əksər üzvləri olmadan çıxdı. İkinci heyətlə məğlub olduğunuz (1:3) matçı necə dəyərləndirirsiniz?

– Ağır mövsüm keçirdiyimiz üçün bəzi futbolçular düşərgəmizi erkən tərk etdilər. Evlərinə tez getmək istəyirdilər, biz də buna şərait yaratdıq. Az şans qazanan futbolçuları meydanda görmək istədik. Gənc oyunçularımız heyətdə yer aldılar. Qapıçımız Səlim Həşimov Premyer Liqada debüt etdi, ona görə sevindim, pis də çıxış etmədi. Bilirsiniz ki, həm “Qəbələ”, həm də bizim üçün bu görüşün əhəmiyyəti qalmamışdı. Buna baxmayaraq, meydanda yaxşı mübarizə getdi. Hava yağışlı, futbolçularım isə yorğun olsa da, sezonun son matçında maksimum güclərini qoya bildilər. Xal qazanmaq istəyirdik, alınmadı. Amma ağır mövsümü belə mübarizəli oyunla bitirmək məni sevindirdi.

– Ümumilikdə “Şamaxı”dakı 2 illik fəaliyyətinizi necə şərh edərdiniz? Sizcə, gedişiniz komandanın növbəti mövsümdəki işini çətinləşdirməyəcək?

– Əsas məqsədimiz Premyer Liqada möhkəmlənmək, ildən-ilə daha yaxşı olmaq idi. Məncə, buna nail ola bildik. “Şamaxı”dakı ilk mövsümüm mənim üçün daha çətin idi. Çünki ani alındı və komanda birinci liqadan yeni qayıtmışdı. Bilirsiniz ki, birinci liqadan gələn komanda üçün ilk ilində transfer etmək çətindir, futbolçular bir az tərəddüd edirlər. Buna rəğmən, biz keçən mövsüm qısa müddətdə döyüşkən kollektiv qura bildik və Premyer Liqada yerimizi qoruduq. Bu il daha güclü olmaq istəyirdik, futbolçularımızın da təcrübəsi var idi, üstəlik, yeni gələn oyunçular komandaya tez uyğunlaşdılar. Bu gün “Şamaxı”nın legionerlərini bir çox iddialı klublar öz heyətlərində görmək istəyirlər. Keçən mövsümdən isə Brahim Konate və Leroy Mikelsi qeyd edə bilərik, hər ikisi “Zirə”yə transfer olunmuşdu. Bu il isə digər legionerlərə təkliflər var. Yerli futbolçulardan Rüfət Abbasov yenə stabil çıxış etdi, Oruc Məmmədovun oyununu qeyd etmək olar. Abdulla Rzayevin bizə qışdan sonra gəlib, belə uğurlu oynaması məni sevindirdi. Ölkə kubokunda şansımız vardı, amma rəqibimiz “Qarabağ” idi. Evdə qalib gəlsək də, səfərdə məğlub olduq. Bəlkə də rəqibimiz başqası olsaydı, biz də irəliyə bilərdik. Premyer Liqada bu il məqamlar oldu ki, onları adlaya bilsəydik, bəlkə də şanslarımız olardı. Amma təcrübə, ustalıq baxımından problem yaşadıq: geniş heyətin olmaması, çox oyunçumuzun gənc olması öz sözünü deyirdi. Lakin ümumilikdə razıyam. Həqiqətən də, klub ildən-ilə daha peşəkar olmaq üçün çalışdı. Az büdcə ilə çalışdıq ki, maksimum yaxşı komanda quraq. Sevindirici haldır ki, “Şamaxı” hər iki mövsümdə liqadan düşmə zonasında olmadı. Bunun özü böyük bir işdir.

– Bundan sonra ancaq milli komandada olacaqsınız, yoxsa növbəti mövsümdə də sizi paralel olaraq hansısa klubun “sükanı arxasında” görə bilərik?

– Xeyr, ancaq milli komandada olacağam. Düzdür, təkliflər var. Açığı, neçə illərdir Premier Liqada çalışan bir şəxs olaraq, birdən-birə belə qərar vermək də mənim üçün çətindir. Amma milli komandada çalışmaq böyük şərəfdir, bütün konsentrasiyamızı yığmaya vermək istəyirik. Qarşıdan çətin oyunlar gəlir. Ona görə də digər təkliflərə “yox” demişik. Diqqətimizi ancaq milliyə yönəldəcəyik.

– Qarşıdan yığmanın toplanışı gəlir. Heyətdə yeni adlar olacaq?

– Bəli, yeni adlar ola bilər. Millidə əsas məqsəd toplanışdan-toplaşına daha yaxşı olmaqdır. Yoldaşlıq görüşləri bizim üçün vacibdir, çünki birdən-birə əsas oyunlara çıxmışdıq və orada rəqiblər çox güclü idi. Yoxlanış, dəyişikliklər edə bilmirdik. Bu gün şans yaranıb, daha yaxşı vəziyyətdə olmaq istəyirik. Son turnirdə qalib olduq. Futbolçuların göstərdiyi əzmkarlıq, istək bizi qane edir. Bunu saxlamaq, bundan da artığına nail olmaq lazımdır. Bacaracağımıza inanırıq.

– Millinin baş məşqçisi olaraq hansı mövqedə çıxış edən futbolçuların hazırkı durumu sizi daha çox narahat edir?

– İstedadlı futbolçularımız çoxdu, amma təəssüf ki, az oynayırlar. Hücum xəttindəki oyunçularımızın durumu bizi narahat edir. Renat, Mahir, Xəyal az oynayır, Musa zədələndi. Əslində, hər birinin böyük potensialı var. Qapıçılara gəlsək, Şahruddin ağır zədədən sonra komandası ilə məşqlərə qoşuldu. O, komandamızın kapitanlarındandır, qarşıda bizə lazım olacaq. Emil Balayevin oynaması bizi sevindirdi, o da həmişə siyahımızda idi. İndi qapı mövqeyində rəqabət daha da gücləndi. İstərdik, futbolçularımız daim oynasınlar, yaxşı formada olsunlar ki, milli komandaya kömək edə bilsinlər.

– Millətlər Liqasında keçirəcəyimiz hansı oyun sizi daha çox qayğılandırır?

– Rəqiblərimiz Lixtenşteyn və Litvadır, hamı qrup qalibi olmaq istəyir. Məncə, Litva ilə səfərdəki görüş çox ağır keçəcək, çünki onlar evdə daha yaxşı çıxış edirlər. Litva yığması son vaxtlar yüksəlişdə olan komandadır, oyunçuları Avropa klublarında çıxış edir. Axırıncı matçlarına nəzər salsaq, Moldovaya səfərdə qalib gəldilər, Gürcüstanla çox yaxşı oynadılar. Bu komandanın yüksəlişdə olması açıq-aşkar görünür. Ümumiyyətlə, milli səviyyəsində asan matç olmur, hər görüş bizi qayğılandırır. Bütün oyunlarda xallar qazanmaq istəyirik.

FƏRİD

Shares: