“Çox adam müdafiə futbolu oynadığımız üçün bizi tənqid edir. Hər komandanın öz oyun üslubu var. Biz də müdafiədə etibarlı olmağa çalışırıq. “Atletiko” da bu cür futbol oynayır və nəticələr qazanır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Şəhriyar Əliyev deyib.
33 yaşlı müdafiəçisi mövsümün sonuncu matçında” Sabah”a 1:2 hesabı ilə məğlubiyyəti belə şərh edib: “Bəlkə də kənardan baxanda hər iki komanda üçün əhəmiyyətsiz qarşılaşma kimi görünürdü. Amma bu, mövsümün son oyunu idi və uzun müddət bir-birimizi görməyəcəyik. Çalışırdıq ki, yaxşı oyun göstərək və azarkeşlərimizi sevindirək. Kurban Berdıyev də daha az oynayan futbolçulara şans vermişdi. Sonadək mübarizə apardıq. Düşünürəm ki, bu matç mövsüm ərzində ən çox qol vəziyyəti yaratdığımız oyunlardan biri oldu. Sadəcə, son nöqtəni qoya bilmədik. Komanda olaraq hər kəs əlindən gələni edirdi. Ancaq biz rəqibi necə analiz edib boşluqlarını müəyyənləşdirirdiksə, onlar da bizim zəif cəhətlərimizi görürdülər. “Sabah” bu mövsüm çempionatda ən yaxşı oyun nümayiş etdirən komandadır. Həqiqətən çox keyfiyyətli futbol sərgilədilər. Çempionlar Liqasında da onlara uğurlar arzulayıram”.
Təcrübəli müdafiəçi gələcək taleyi ilə bağlı danışarkən isə bunları söyləyib: “Hələlik “Turan Tovuz”dakı gələcəyimlə bağlı hər hansı danışığımız olmayıb. Müqaviləm başa çatıb. Yəqin ki, zaman hər şeyi göstərəcək”.
Şəhriyar komandanın avrokuboklara vəsiqə qazanmasına da toxunub: “Uzun fasilədən sonra komandamız avrokuboklara vəsiqə qazandı. Çox istəyirdik və çətinliklə də olsa, buna nail olduq. Düşünürəm ki, komanda olaraq buna layiq idik. İndi əsas məsələ bunun davamını gətirməkdir. Kiminsə gedib-gəlməsindən asılı olmayaraq, klubun uğurlarının davam edəcəyinə inanıram”.
GÜNAY SÜLEYMANOVA






