Futbol üzrə İspaniyanın ikinci liqası olan Sequndada çempionatın bitməsinə bir tur qalmış elitaya vəsiqə qazanan daha bir komanda müəyyənləşib. Bir tur əvvəl Santander “Rasinq”i La Liqaya vəsiqəni təmin etmişdi. Dünən isə “Deportivo” ona qoşulub.
La Korunyadan olan komandanın dünyanın bütün tərəflərində xeyli azarkeşi var. Bu azarkeşlər də əsasən ötən əsrin sonları və yeni əsrin əvvəllərində əmələ gəlib. Əsrlərin qovuşduğu illərdə “Deportivo” nəinki İspaniyanın, hətta Avropanın ən sayılıb-seçilən və güclü komandalarından idi. Təsəvvür edin ki, “Real” və “Barselona”nın olduğu bir çempionatda özünü göstərmək nə deməkdir. Bu iki komanda əzəldən çempionluq uğrunda ikilikdə mübarizə aparır. Lakin bəzi hallarda onlara dırnaq ata bilən rəqiblər peyda olub.
La Korunya təmsilçisinin həmin illərdə uğurlu olmasının əsas səbəbkarlarından biri prezident Auqusto Sezar Lendoiro idi. 1988-ci ilin may ayında komanda fəlakətin astanasında idi və yalnız “Rasinq” (Santander) üzərində qələbə klubun süqutu ilə nəticələnə biləcək aşağı diviziona düşməsinin qarşısını aldı.
“Deportivo”nun rəhbərliyində islahatlar aparıldı. Məqsəd çətin iqtisadi vəziyyətdən çıxış yolu tapmaq və idman nəticələrində sabitliyə nail olmaq idi. 1988-ci ildə San Fransisko de Sales Kollecində keçirilən iclas “Deportivo”nun tarixində dönüş nöqtəsi oldu. Bu iclasda klubun yeni prezidenti Auqusto Sezar Lendoiro seçildi. Oyunçular, administrasiya və azarkeşlər “Deportivo”nu xilas etmək üçün bir araya gəldilər.

Qarşıda duran vəzifə asan deyildi. Klubun borcları 600 milyon pesetə (təxminən 4 milyon avro) çatmışdı. Maliyyə vəziyyətinin yaxşılaşdırılması idarə heyətinin prioritetinə çevrildi.
1988/89-cu illərdə, Lendoironun prezident kimi ilk mövsümündə Arsenio İqlesias müvəqqəti baş məşqçi vəzifəsini icra etdi və komandanın heyəti demək olar ki, dəyişməz qaldı. Əvvəlki mövsümdə ikinci diviziondan düşməkdən çətinliklə qaçan oyunçular da var idi. Braziliyalı Raudnei Anversa Freire ilə güclənən komanda Kral Kubokunda gözəl çıxış etsə də, yenə də birinci diviziona qayıda bilmədi. Uzun müddətdən sonra ilk dəfə olaraq klub maliyyə çətinliklərinin öhdəsindən gəldi.
Növbəti mövsümdə “Deportivo” bir neçə yeni oyunçu əldə etdi. Birinci diviziona çıxmaq istəyi əvvəlkindən daha güclü idi. Martin Lasarte, Sabin Bilbao, Sredoyeviç, Batroviç və Stoyanov kimi Şərqi Avropa ölkələrindən olan yeni oyunçular var idi. Lakin bu dəfə də “Deportivo” azarkeşlərini məyus etdi. Birinci divizionda yer yenidən əlçatmaz görünürdü.
Buna baxmayaraq, irəliləyişin əlamətləri var idi: klubun gəliri xərclərini üstələdi və üzvlərinin sayı artaraq 17 500-ə çatdı. Yeni mövsüm başlamazdan əvvəl “Deportivo” Albistequi, Stojadinoviç, Kanatlarovski və Villa da daxil olmaqla daha bir neçə oyunçu əldə etdi. 18 illik fasilədən sonra “Deportivo” “Mursiya” üzərində qələbə ilə İspaniya futbolunun elitasına qayıtdı. La Korunya xalqının sevincinin həddi-hüdudu yox idi.

Sabitliyə qədəm qoyduqdan sonra 1992-ci ildə klub dünya futbolunun bir neçə ulduzu ilə müqavilə imzaladı. “Deportivo”nun ilk transferləri braziliyalılar – Mauro Silva və Bebeto oldu. Eyni zamanda, komandada ispaniyalı oyunçular Aldana, Xuanito, Nando, Jose Ramon və Serna da yer aldılar. Mövsümün açılış matçı “Riazor” stadionunda təxminən 30 000 tamaşaçı topladı. “Deportivo” mövsümü beş oyunluq qələbə seriyası ilə açdı, o cümlədən “Real” üzərində sensasiyalı qələbə qazandı. 1993/94 mövsümündə komanda ilk dəfə Avropa yarışı olan UEFA Kubokunda iştirak etdi. Lakin azarkeşlər həmin mövsümü əsasən çempionluq uğrunda mübarizədə məyusedici məğlubiyyətlə xatırlayacaqlar. Mövsümün son dəqiqələrində “Barselona” “Deportivo”nu çempionluqdan məhrum etdi.
1996-cı ilin yayında komandaya gətirilən Con Toşak yeni heyət qurmağa başladı. Aldana, Lyano və Lopes Rekarte də daxil olmaqla veteranlar klubu tərk etdilər. Onların yerini Sonqo’o, Kouba, Naybet, Armando, Martins və Madar tutdu. Bu vaxta qədər “Deportivo”nun maliyyə vəziyyəti xeyli yaxşılaşmışdı və onlar Rivaldonu almaq üçün vəsait əldə etdilər. Kluba 7,4 milyon avroya başa gələn məşhur braziliyalı ayrılan Bebetonun yerini tutmalı idi. Bahalı transfer klubun özünəinamını artırdı. Lakin Toşakla oyunçuları arasındakı münasibətlər arzuolunan səviyyədə deyildi və “Deportivo” azarkeşləri uelsli məşqçiyə qarşı o qədər də isti münasibət bəsləmirdilər.
Toşakdan sonra gələn Karlos Alberto da vəziyyəti düzəldə bilmədi. Lendoiro “Selta”nın məşqçisi Xavyer İrureta ilə danışıqlar apardı və onu klubunda baş məşqçi vəzifəsini tutmağa razı saldı. İruretanın gəlişi “Deportivo”nun tarixində yeni bir dövrün başlanğıcı oldu. 1998/1999 mövsümünün başlamasından əvvəl klub Romero, Manuel Pablo, Şürrer, Ziani, Pedro Pauleta və Xose Oskar Flores də daxil olmaqla bir neçə yeni transfer etdi. Xose Oskar Flores həmin mövsümün ən çox qol vuran oyunçusu oldu. Komanda liqada altıncı yeri tutdu.
1999/2000 mövsümü tamamilə gözlənilməz şəkildə keçdi. Çempionat başlamazdan əvvəl klub rəhbərliyi komandanı Roy Makay, Sezar Martin və Viktor Sançes kimi oyunçularla gücləndirdi. Mövsüm “Alaves” üzərində qələbə ilə başladı və tezliklə “Barselona” və “Atletiko” üzərində qələbələr də daxil olmaqla, 7 oyunluq qələbə seriyası ilə davam etdi. 1999-cu ilin noyabrında “Sevilya”nı 5:2 hesabı ilə məğlub etdikdən sonra “Deportivo” turnir cədvəlində birinci yerə qalxdı. Lakin komanda təzyiqin öhdəsindən gələ bilmədi – sonrakı liqa matçlarında mümkün 12 xaldan yalnız biri qazanıldı.

Liqanın son 7 oyunu azarkeşləri həyəcanlandırdı, çünki titul uğrunda digər iddiaçılar “Deportivo”nu amansızca təqib edirdilər. Qalisiya klubunun liderliyini qoruyacağı çoxları tərəfindən şübhə ilə qarşılanırdı. Turnirin son aylarında Makayın vurduğu 8 qol nəticəni həll etdi. 2000-ci il mayın 19-da “Deportivo” yarandığı gündən bəri ilk dəfə İspaniya çempionu titulunu qazandı. La Korunya bu nailiyyəti kütləvi şənliklərlə qeyd etdi. 200 000-dən çox insan küçələrə çıxdı.
Həmin günlərdən artıq xeyli vaxt keçir. Klub bu müddət ərzində İspaniyanın gücünə görə 3-cü divizionuna qədər enmişdi. Lakin bu gün milyonlarla insanın rəğbət bəslədiyi klubun küçəsində yenə də bayramdır. “Deportivo” 2018-ci ildən sonra ilk dəfə yenidən İspaniya ən yüksək liqasında yarışacaq.
Bu klubun bizimlə maraqlı bir doğmalığı var. Futbol azarkeşlərinin də bildiyi kimi, İspaniyada “Deportivo”nu “El Turko” adlandırırlar.
İLQAR AĞAYEV







