Mövsüm başa çatar-çatmaz transfer bazarında fəallıq nümayiş etdirən “Qarabağ”ın hədəfindəki daha bir legioner müəyyənləşib.
Futbolinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, “Srvena Zvezda”nın hücumçusu Şavi Babika Ağdam klubunun maraq dairəsinə düşüb.
25 yaşlı forvard mövsümün sonunda Serbiya klubundan ayrılmağa hazırlaşır. Çünki “Srvena Zvezda” Qabon millisinin üzvünü komandada saxlamağı düşünmür. Hazırda Türkiyədə “Fatih Karagümrük”ün heyətində icarə əsasında çıxış edən oyunçu böyük ehtimalla Serbiyaya qayıtmayacaq.
“Srvena Zvezda” Babikanı ucuz qiymətə satmağın əleyhinə deyil. Lakin Babika uğrunda mübarizədə “Qarabağ” tək deyil. Məsələ burasındadır ki, Kiprin “Omoniya” və Yunanıstanın AEK klubu da futbolçunun durumunu yaxından izləyirlər. Onun serblərlə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, “Qarabağ” “Omoniya”dan Jali Muaddibi, “Yurqorden”dən Zakaria Savonu transfer edib.






