Yunanıstan Basketbol Liqası “Panatinaikos” klubunun sahibi Dimitris Yannakopulos barəsində sərt intizam tədbiri tətbiq edib.
Klub rəhbərinin bütün idman arenalarına girişinə 6 ay müddətinə qadağa qoyulub. Bundan əlavə, o, 50 min avro məbləğində cərimələnib. “Panatinaikos”un özünə də eyni məbləğdə cərimə tətbiq olunub. Beləliklə, ümumi maliyyə sanksiyası 100 min avro təşkil edib.
Yanakopulos iyunun 8-də “Olimpiakos”la keçirilən Yunanıstan çempionatının final seriyasının üçüncü oyununda idmanın nüfuzuna xələl gətirən hərəkətlərə görə təqsirli bilinib. Hadisə ikinci hissənin başa çatmasına 33,4 saniyə qalmış, taym-aut zamanı baş verib. Arenada ön sırada əyləşən klub sahibi meydançaya daxil olaraq hakimlərə aqressiv şəkildə yaxınlaşıb, onlara qarşı sərt jestlər edib və təhqiramiz ifadələr işlədib. Nəticədə qarşılaşma təxminən 4 dəqiqə dayandırılıb, təhlükəsizlik əməkdaşları isə onu meydançadan uzaqlaşdırıblar.
Qeyd edək ki, daha əvvəl “Panatinaikos” final seriyasının ikinci oyununda baş vermiş insidentlərə görə Yunanıstanın İdmanda Zorakılıqla Mübarizə Komissiyası tərəfindən də cəzalandırılmışdı. Klub bir oyunu boş tribunalar önündə keçirmək məcburiyyətində qalacaq.
Yeri gəlmişkən, dünən final seriyasının 4-cü oyununda “Panatinaikos” “Olimpiakos”u 93:86 hesabı ilə məğlub edərək seriyada hesabı ilə bərabərləşdirib.






