“Araz-Naxçıvan”da vəziyyət qeyri-müəyyəndir. Muxtar respublika təmsilçisi yeni mövsümə başlamaya və ya klubdaxili dəyişikliklərdən sonra iddiasız komanda kimi yoluna davam edə bilər.

Futbolinfo.az xəbər verir ki, müəmmalı durum klubun əsas idarəçisi Zaur Axundovun vəziyyəti ilə bağlıdır. Son hadisələrdən sonra bu şəxsə əvvəlki etimad tükənib və onun imkanları məhdudlaşdırılıb. Axundovun br müddət öncə müsahibə verib yendən diqqəti üzərinə çəkmək, müəyyən imtiyazlar qazanmaq cəhdi təsadüf deyilmiş.

Qardaşı, klubun prezidenti Ramin Axundovun axtarışda olması, əməllərinin ifşa olunması Zaur bəyi də çətin vəziyyətdə qoyub. Bu üzdən onun klub saxlamaq, ölkə futbolunun içində olmaq şansı həddindən çox azalıb.

Elə Naxçıvan təmsilçisindəki durğunluğun səbəbi də budur. Heyətin az qala yarıdan çox yola salınıb, hər hansı yeni transfer yoxdur. Komandanın baş məşqçi postu da boşdur. Cavid Hüseynovla razılıq əldə olunsa da, onun təyinatının rəsmiləşməsi yubanır. Axundov öz taleyini müəyyən etdikdən sonra komandayla bağlı məsələlərə diqqət ayırmaq niyyətindədir.

Gedişat göstərir ki, Naxçıvan Futbol Federasiyasının, eyni zamanda Futzal Federasiyasının prezidenti olan Zaur bəy bu postları bir-bir itirəcək. Klubun da başqaları tərəfindən himayəyə götürülməsi gözləniləndir. “Araz-Naxçıvan” yalnız dövlət yardımı ilə gün keçirən iddiasız komandaya çevrilə bilər.

Bütün məsələlərə bu ay içində nöqtə qoyulmalıdır.

Shares: