Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Yığmamızın son 2 yoldaşlıq oyunundakı çıxışını necə dəyərləndirirsiniz?

– Bu, Millətlər Liqasından öncəki son toplanış idi. Baş məşqçi Ayxan Abbasov əvvəldən bildirmişdi ki, Maltaya qarşı bir, San-Marinoya qarşı digər heyət oynayacaq. Bu, bütün futbolçuları sınaqdan keçirmək üçün nəzərdə tutulmuşdu. Millətlər Liqasından öncə komandamız üçün son imtahan idi. Əlbəttə, nəticə və oyun istər azarkeşlər, istərsə də futbol ictimaiyyəti üçün bir o qədər də ürəkaçan olmadı. Amma inanıram ki, Millətlər Liqasında qarşıya qoyulan məqsədə çatacağıq.

– Hər iki oyunda komandamız xeyli sayda qol epizodunu dəyərləndirə bilmədi. Bunun səbəbini nədə görürsünüz?

– Çoxlu qol vəziyyəti yaratmağımız yaxşı bir siqnaldır. Amma onları qola çevirməkdə çətinlik çəkirdik. Bu da müəyyən mənada başadüşüləndir. Mövsümün sonudur, bəzi futbolçular yorğundur, bəzilərinin isə oyun praktikası azdır. Bir çox məqamlar sadalamaq olar. Amma ümid edək və inanaq ki, Millətlər Liqasına kimi futbolçularımız yaxşı formada olacaqlar. Qarşıdan avrokubok oyunları gəlir, sonra çempionat start götürəcək. Futbolçularımız həmin vaxtadək yaxşı forma yığa və millinin heyətində azarkeşlərimizi sevindirə bilərlər.

– Dediyiniz kimi, futbolçularımız klublarında yetərincə oyun vaxtı qazanmırlar. Bu problem daha çox ön xətdə hiss olunur. Yəqin ki, hücumçularımızın hazırkı forması sizi də qane etmir…

– Hər bir məşqçi istər ki, milliyə namizədlərin siyahısı daha geniş, seçim etmək imkanı daha rahat olsun. Bəli, yığma üzvlərinin əksəriyyətinin mövsüm ərzində keçirdiyi oyun sayı azdır. Hücum xəttindəki futbolçularımıza gəlincə, bu il “Sabah”da yaxşı çıxış edən Xəyal Əliyev yığmada zədələndi. Nəriman Axundzadə legioner həyatı yaşayır, amma hələ klubunun heyətində oyunları tam keçirmir, çünki adaptasiya dövründədir. Mahir Emreli uzun müddət zədəli oldu, zədədən yeni qayıdıb. Musa Qurbanlı hazırda zədəlidir. Renat Dadaşov isə öz klubunda azarkeşlərin gözlədiyi səviyyədə çıxış etmədi. Əlbəttə ki, ön xətlə bağlı problemlər var. Qol vəziyyətlərindən lazımınca istifadə edə bilməməyimizin bir səbəbi də elə budur.

– Yığmada lider futbolçunun yoxluğu da açıq-aşkar hiss olunur…

– Milli komandada bir yox, bir neçə liderin olması vacibdir. Bütün mövqelərdə liderin olması daha yaxşı olardı. Bizə ancaq ümid etmək qalır ki, Millətlər Liqasında bu missiyanı öz üzərinə götürəcək futbolçular tapılacaq. Yığmamızda belə oyunçular var.

– Sizcə, yığmamızın Millətlər Liqasında C divizionuna yüksəlmək şansı nə qədərdir?

– Hər kəsə bəllidir ki, Millətlər Liqasında əsas rəqibimiz Litva yığmasıdır, bizimlə eyni səviyyədə olan rəqibdir. Düzdür, heyətində yetərincə legioner var, yaxşı oyunçulara sahibdirlər. Amma ümid edək ki, millimiz bu missiyanın öhdəsindən gələcək və qrupu lider kimi başa vuracaq. Yığmamıza uğurlar arzulayıram.

CAVAD

Shares: