Dünya praktikasında idmançıların məktəblərdə görüşlər təşkil etməsi son illərdə yalnız idmanın təbliği deyil, həm də gənclərin sosial və mənəvi inkişafı üçün mühüm vasitə kimi qəbul olunur. Müxtəlif ölkələrdə tanınmış idmançıların məktəblərdə şagirdlərlə görüşləri, seminarları və motivasiya proqramları dövlət qurumları, olimpiya komitələri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Bu təşəbbüslər uşaqların və yeniyetmələrin sağlam həyat tərzinə yönləndirilməsi, idmana marağının artırılması, zərərli vərdişlərdən uzaqlaşdırılması və cəmiyyətə faydalı vətəndaş kimi formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Müasir dövrdə məktəblərdə idmançı görüşlərinin əsas məqsədi uşaqlarda motivasiya yaratmaqdır. Şagirdlər televiziyada və ya sosial mediada gördükləri məşhur idmançılarla canlı ünsiyyət qurduqda onların uğur hekayələrini daha real qəbul edirlər. Psixoloqlar hesab edirlər ki, gənclər üçün canlı nümunə nəzəri təbliğatdan daha təsirlidir.

Uğurlu idmançılar öz həyat hekayələri ilə uşaqlara zəhmət, nizam-intizam, məsuliyyət və məqsədyönlülük kimi keyfiyyətləri aşılayırlar. UNESCO tərəfindən həyata keçirilən “Values Education through Sport” proqramında qeyd olunur ki, idman gənclərə ədalətlilik, komanda ruhu, hörmət, inklüzivlik və məsuliyyət kimi dəyərlərin öyrədilməsində mühüm rol oynayır.
Bir çox ölkələrdə məktəb-idmançı görüşləri dövlət səviyyəsində proqramlara çevrilib. Məsələn, Yaponiyada məktəblərdə olimpiya dəyərlərinin tədrisi geniş yayılıb. Yaponiya Olimpiya Komitəsi məktəblərdə olimpiyaçıların iştirakı ilə müxtəlif tədbirlər keçirir və bu proqramlar uşaqlarda həm vətənpərvərlik, həm də sağlam həyat tərzi formalaşdırmağa xidmət edir. Yaponiyada tətbiq edilən “Olympic Values Education Programme” uşaqların sosial məsuliyyət və kollektiv düşüncə qabiliyyətinin inkişafına yönəlib.

Kanada və Avstraliya kimi ölkələrdə də məktəblərdə idmançı görüşləri uzun illərdir davam edir. Kanadada olimpiya iştirakçıları məktəblərə gedərək şagirdlərlə görüşür, onlara idmanın həyatdakı rolundan danışırlar. Bu görüşlər zamanı idmançılar öz uğursuzluqları və çətinlikləri barədə də açıq danışaraq uşaqlara psixoloji dayanıqlığın vacibliyini öyrədirlər. Avstraliyada isə “Aspire School Network” layihəsi çərçivəsində olimpiyaçılar məktəblərdə seminarlar keçirir, şagirdlərlə məşqlərdə iştirak edir və sağlam həyat tərzini təbliğ edirlər. Bu təşəbbüslər uşaqlarda fiziki aktivliyin artmasına müsbət təsir göstərir.
Avropa ölkələrində də bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Niderlandda “TeamNL In de Klas” proqramı çərçivəsində məşhur idmançılar məktəblərdə çıxış edir və olimpiya dəyərlərini təbliğ edirlər. Layihənin əsas məqsədi uşaqlarda özünəinamın artırılması və sosial inteqrasiyanın gücləndirilməsidir. Macarıstanda isə son illərdə Olimpiya Dəyərləri Təhsil Proqramı çərçivəsində yüzlərlə müəllim və minlərlə şagird proqramlara cəlb olunmuşdur. Bu proqramlar uşaqları idmana yaxınlaşdırmaq və onların gündəlik həyatında hörmət, dostluq və dürüstlük prinsiplərini möhkəmləndirmək məqsədi daşıyırdı.

Məktəblərdə idmançı görüşlərinin mühüm faydalarından biri də sağlam həyat tərzinin təbliğidir. Dünyada uşaqlar arasında piylənmə, passiv həyat tərzi və rəqəmsal asılılıq kimi problemlər artır. Beynəlxalq Olimpiya Komitəsinin və UNESCO-nun birgə təşəbbüslərində vurğulanır ki, uşaqların idmana marağının artırılması onların həm fiziki, həm də psixoloji sağlamlığı üçün vacibdir. Olimpiya Dəyərləri Təhsil Proqramı çərçivəsində məktəblərdə keçirilən tədbirlər uşaqların idman fəaliyyətinə daha aktiv qoşulmasına səbəb olmuşdur. Proqramın müxtəlif mərhələlərində 110-dan çox ölkənin iştirak etdiyi qeyd edilir.
İdmançıların məktəblərdə çıxışları sosial problemlərin qarşısının alınmasında da mühüm rol oynayır. Bir çox ölkələrdə idmançılar narkomaniya, zorakılıq, irqçilik və ayrı-seçkilik əleyhinə kampaniyalarda iştirak edirlər. Onların məktəblərdə keçirdiyi görüşlər uşaqlara cəmiyyətə faydalı fərd olmağın əhəmiyyətini izah edir. UNESCO və digər beynəlxalq təşkilatlar bildirirlər ki, idman dəyərləri sosial həmrəyliyin və tolerantlığın gücləndirilməsinə xidmət edir. Xüsusilə müxtəlif sosial təbəqələrdən olan uşaqların birlikdə fəaliyyət göstərməsi inklüziv mühit yaradır.
Məktəblərdə idmançı görüşləri şagirdlərin təhsil motivasiyasına da müsbət təsir göstərir. Araşdırmalar göstərir ki, idmanla məşğul olan və motivasiya proqramlarında iştirak edən uşaqlar məktəbdə daha intizamlı olur, komanda ilə işləməyi daha yaxşı bacarır və liderlik keyfiyyətləri formalaşdırırlar. Olimpiya proqramlarında istifadə edilən metodikalarda idmanın yalnız fiziki fəaliyyət deyil, həm də xarakter tərbiyəsi vasitəsi olduğu vurğulanır. Bu səbəbdən bir çox ölkələrdə idmançılar məktəblərin tədris prosesinə dəvət olunur və onların çıxışları təhsil proqramlarının tərkib hissəsinə çevrilir.
Dünya praktikasında aparılan müşahidələr göstərir ki, məktəblərdə idmançı görüşləri uşaqların gələcək peşə seçimlərinə də təsir edir. Belə tədbirlər nəticəsində bir çox yeniyetmələr peşəkar idmana maraq göstərməyə başlayır, bəziləri isə məşqçilik, idman jurnalistikası, fizioterapiya və idman menecmenti kimi sahələrə yönəlirlər. İdmançıların şəxsi təcrübələri uşaqlara göstərir ki, uğur yalnız istedadla deyil, həm də davamlı əmək və iradə ilə əldə olunur.

Gəlin, etiraf edək ki, bu mənada Azərbaycanda vəziyyət ideal deyil. Təbii ki, “bu ənənə bizdə heç yoxdur” demək də doğru deyil. Sadəcə, belə görüşlər sırf şəxsi təşəbbüs nəticəsində baş verir. Onu da reallaşdırmaq çətin məsələdir. Çünki məktəblər belə görüşlərin təşkili məsələsində fəallıq göstərmir, hər şeyi idmançının və ya klubun öz üzərinə atır. Məsələn, çalışdığım “Sumqayıt” Basketbol Klubu Sumqayıt şəhərində dəfələrlə basketbolçuların məktəblərlə görüşünə cəhd etsə də, direktorlar onu yuxarı dairələrlə həll etməli olduğumuzu bildirir və məsələni uzadır. Halbuki, bunda məktəbin direktoru özü maraqlı olmalıdır.
Buna baxmayaraq, klub Bakı şəhərində Səttar Bəhlulzadə adına liseydə belə bir görüş keçirməyə nail olub. Ancaq dediyim kimi, ilk növbədə Sumqayıt məktəbləri şəhərin komandasına qucaq açmalıdır.
Bu baxımdan AFFA müsbət mənada seçilir. Müxtəlif milli komandaların üzvləri tez-tez belə görüşlərə yollanır.
TAHİR MİRZƏ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu







