Gözlənilən idi. Azərbaycan klubları o qədər fantastik səviyyədə deyil ki, qabağına keçəni şapalaqlasın.

İlk 7 oyundakı ardıcıl qələbələrə “Neftçi”nin ev məğlibuyyəti ilə son qoyuldu. Dünən isə iki komandamız qol vurmağı belə bacarmadı. “Zirə”nin səfərdə uduzması, “Qarabağ”ın evdə heç-heçəyə razılaşması heç də sürpriz sayılmamalıdır. Rəqiblər çətinləşdikcə hətta ardıcıl məğlubiyyətləri də görəcəyik.

Komandalarımızın sıralanan qələbələri püşkdə bəxtimizin gətirməsi ilə bağlı idi. Bunun nəticəsndə ilk mərhələdə bütün rəqiblər asanlıqla keçmək mümkün oldu. Artıq ikinci mərhələdəyik və problemlər başlayıb. “Neftçi”, “Zirə” və “Qarabağ”ın qələbəyə həsrət qalması bir yana, “Sabah” da münasib rəqibi çətinliklə yendi.

Digər iki oyundan bəhs etmişik, dünənki qarşılaşmaların üzərində dayanmağa isə dəyər. Xüsusilə “Torpedo”nu 3:0-larla keçən “Zirə”nin gürcülərdən çox da güclü olmayan “Payde”yə uduzması xoşagəlməzdir. Oyunun gedişi bu komandanı məğlub etməyin mümkünlüyünü göstərdi. Estonlar 90 dəqiqə ərzində qonaqların matça diqtə etməsi ilə razılaşdı, son anlarda fəallığı qismən artırıb qol vurmağı bacardı. Rəşad Sadıqov aşkar üstünlüyü nəticəyə çevirməyin niyə mümkün olmadığı sualının cavabını tapsa, evdə bu rəqibi darmadağın da etmək olar.

İstənlən halda, qəsəbə təmsilçisi evdə ilk növbədə 0:1-in əvəzini çıxmağa çalışacaq. Müdafiədə diqqətli, hücumda amansız olmaq şərtdir. Çünki estonlar daha bir qol vursa, revanş daha çətin olacaq.

“Qarabağ”a gəlincə, ÇSKA-nın öndə pressinq etməsi faydasını verdi. Ağdamlılar özünə gələndə artıq matçın yarıdan çoxu geridə qalmışdı. Bolqarlar ilk bir saat ərzində yalnız müdafiə olunmadı, təmsilçimizi öz yarımmeydanına çıxdı, üslubunu tətbiq etməyə imkan vermədi. Yalnız Qurban Qurbanovun dəyişikliklərindən sonra vəziyyət dəyişdi, o zaman isə çox gec idi.

“Qarabağ” Sofiya təmsilçisindən güclüdür. Yəqin ki, cavab matçında bunu daha çox hiss edəcəyik. Yeni legionerlər heyətə uyğunlaşmada yubandığı üçün hələ ağdamlılar tam gücünü göstərə bilmir. Komandanın önünə ÇSKA kimi möhkəm komanda çıxanda isə problemlər yaranır. Qurban Qurbanovun yetirmələri səfər matlarında hər nə qədər yaxşı oynasa da, Bolqarıstanda vəziyyət fərqli olacaq. ÇSKA doğma meydanda daha cəsarətli oynayacaq.

Hələ heç nə bitməyib, “Qarabağ”ın da, “Zirə”nin də cütün taleyini həll etmək üçün imkanı var. Təkcə o dəqiqdir ki, mərhələlər keçildikcə daha güclü rəqiblər qarşıya çıxır və klublarımızın seriyasının heç də fantastik formada olduqları üçün reallaşmadığı aydınlaşır. Növbədi həftə daha gərgin keçəcək.

FƏRİD

Shares: