66 yaşlı serbiyalı mütəxəssis Jelko Obradoviç Yunanıstanın “Panatinaikos” basketbol klubunun yeni baş məşqçisi təyin edilib. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata əsasən, Obradoviç klubla 2028/2029-cu illər mövsümünün sonuna qədər nəzərdə tutulan üçillik müqavilə imzalayıb. O, yaxınlarda istefa verən Ergin Atamanın xələfi olacaq.

Obradoviç 1999–2012-ci illərdə “Panatinaikos”a başçılıq edib. Onun rəhbərliyi altında Yunanıstan klubu 5 dəfə Avroliqanın çempionu olub, 11 dəfə Yunanıstan çempionatının qalibi adını qazanıb və 7 dəfə ölkə kubokunu muzeyinə aparıb.

Obradoviçin son iş yeri “Partizan” komandası olub. 66 yaşlı mütəxəssisin rəhbərliyi altında Belqrad komandası iki dəfə ABA Liqasında titul qazanıb və 2022/2023-cü illər mövsümündə Avroliqanın “Dördlər finalı”na yüksəlməyə yaxın olub.

Shares: