Azərbaycanın kişi voleybolçulardan ibarət yığması günü-gündən böyüyür.

Futbolinfo.az xəbər verir ki, bunu millinin kapitanı Vüqar Bayramov Avropa Liqasında keçirilən oyunlardan sonra deyib.

Təcrübəli voleybolçu turnirdə ev oyunlarının daha gərgin keçdiyini bildirib:

“Avropa Liqası bizim üçün yekunlaşdı. Evdə Macarıstan və Portuqaliya seçmələrinə 1:3 hesabı ilə məğlub olduq. Bu matçlar uğursuz nəticəyə rəğmən, səfər oyunlarımızla müqayisədə daha maraqlı və gərgin keçdi. Bəzi setlərdə daha səmərəli çıxış etdik. Buna görə komanda yoldaşlarıma və məşqçi heyətinə təşəkkürümü bildirirəm”.

Kapitan komandaya yeni cəlb olunan gənclərin çıxışına da toxunub:

“Gənc oyunçularımız bu il ilk dəfə milliyə dəvət olunmuşdular. Onları təbrik edirəm və uğurlar arzu edirəm. Ümid edirəm ki, həmin voleybolçular Azərbaycanı gələcəkdə də layiqincə təmsil edəcəklər. Bu, idmandır və komandamız günü-gündən böyüyür. Perspektivli oyunçularımız var, sadəcə, daha yaxşı çalışmaq lazımdır. Növbəti yarışlarda gənclərin yığmanı daha gözəl təmsil edəcəyinə inanıram”.

Qeyd edək ki, milli Avropa Liqasında Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Portuqaliya və Macarıstana isə 1:3 hesabı ilə məğlub olaraq turniri qələbəsiz başa vurub.

Shares: