“Bura gələnədək sabiq komanda yoldaşım Kamilo Durandan Azərbaycan çempionatı barədə məlumat toplamışdım. O, mənə klub və çempionat haqqında kifayət qədər məlumat verdi. Dedi ki, rəqabətli çempionatdır və buradan daha səviyyəli liqalara keçmək üçün tramplin kimi istifadə etmək olar”. Bu sözləri futbolinfo.az saytıına açıqlamasında “Qarabağ”ın yeni transferi Samuel Qomeş Lobato deyib.

Portuqaliyanın “Portimonense” klubundan Ağdam təmsilçisinə transfer olunan 24 yaşlı yarımmüdafiəçi keçidində sabiq komanda yoldaşı Kamillo Duranın da rolunun olduğunu bildirib. Lobato seçimini belə şərh edib: “Təkliflərim var idi. ‘Qarabağ’dan da maraq vardı. Məxsus olduğum klub “Portimonense” ilə danışıqlar apardılar. Təbii ki, araşdırdıq. “Qarabağ”ın transferə yanaşması tamam fərqli idi. Müntəzəm olaraq mənimlə əlaqə saxlayırdılar. Həqiqətən gördüm ki, klub məni çox istəyir. Gördüm ki, hər şey ürəyimcədir və qərar verdim ki, Azərbaycana gəlim”.

O, qarşıdakı hədəflərindən də danışıb: “Arzularımdan biri həm Azərbaycan Premyer Liqasının qalibi olmaq, həm də Avropada yaxşı nəticələr qazanmaqdır. Mümkün qədər çox qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirəm”.

Qeyd edək ki, “Qarabağ” “88 nömrə” ilə 3 illik müqavilə imzalayıb.

Shares: