İordaniya yığması DÇ-2026-nın II turunun qrup mərhələsində Əlcəzairə təcrübəsizlik səbəbindən məğlub (1:2) olub.

Futbolinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Jamal Sellami oyundan sonra deyib.

Mütəxəssis futbolçuların yaxşı mübarizə apardıqlarını bildirib:

“Hesabda önə keçdikdən sonra fərqi artırmağa çox yaxın idik. Lakin Əlcəzair yığmasının bəzi futbolçularının yüksək fərdi keyfiyyətləri, üstünlüyümüzü qorumaq üçün göstərdiyimiz cəhdlərə rəğmən, bizim üçün ciddi problemlər yaratdı”.

J.Sellami qapıçı Yezid Əbu Leylanın mükəmməl oyun nümayiş etdirdiyini vurğulayıb:

“Qapıçımız Yezid Əbu Leyla mükəmməl oyun keçirdi və mən futbolçuların göstərdiyi performansla fəxr edirəm. Birinci hissədə daha yaxşı tərəf idik, lakin dünya çempionatında ilk dəfə iştirak etdiyimiz üçün təcrübəsizlik bu məğlubiyyətdə mühüm rol oynadı”.

Çalışdırıcı komandanın vaxtı düzgün idarə edə bilməməsindən gileylənib:

“Vaxtdan səmərəli istifadə edib hesabı qoruya bilmədik. Standart vəziyyətlərdəki zəif tərəflərimizi aradan qaldırmağa çalışsaq da, futbol səhvlərdən ibarətdir və Əlcəzair yığması hər iki qolu künc zərbəsindən sonra vurdu. Oyundan sonra futbolçularla bir araya gələrək Əlcəzairə qarşı göstərdikləri qəhrəmancasına mübarizəyə görə onları təbrik etdim. Futboldakı fərqləri maksimum dərəcədə azaltmağa çalışsaq da, sonda bəxt rəqibimizin üzünə güldü. Argentina ilə matçda turniri gözəl bir sonluqla bitirməyə çalışacağıq”.

Shares: