Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İslandiyanın “Vestri” klubunun 27 yaşlı yarımmüdafiəçisi Qbadamosi Fatai Adebovalenin futbolinfo.az saytına müsahibəsi

– Avropa Liqasının birinci təsnifat mərhələsində rəqibiniz “Qarabağ” oldu. Bu püşkü gözləyirdinizmi?

– Əlbəttə, Avropa kuboklarında ilk iştirakımız olduğu üçün güclü rəqiblə qarşılaşacağımızı gözləyirdik. Ancaq etiraf edim ki, rəqibin “Qarabağ” qədər böyük və təcrübəli bir komanda olacağını düşünmürdük.

– “Qarabağ” bu cütün açıq favoriti hesab olunur. Belə güclü rəqiblə artıq ilk mərhələdə üz-üzə gəlmək sizin üçün çətinlik yaradırmı?

– Bu, futboldur və təbii ki, onlar favoritdirlər. Amma hər şeyi iki oyunun nəticəsi müəyyən edəcək. Ona görə də meydanda baş verəcəkləri gözləmək lazımdır.

– “Qarabağ” və ümumilikdə Azərbaycan futbolu haqqında məlumatınız varmı? Onların oyunlarını izləmisinizmi?

– Bəli, “Qarabağ”ın oyunlarını izləmişəm. Azərbaycan çempionatında çıxış edən dostum var idi – Yusuf Laval “Neftçi”də oynayırdı. Buna görə də bəzən Azərbaycan liqasının və “Qarabağ”ın oyunlarına baxırdım.

– Komandanız ikinci liqada çıxış etsə də, ötən mövsüm ölkə kubokunu qazandı. Buna necə nail oldunuz?

– İkinci liqada oynamağımız bizim zəif komanda olduğumuz anlamına gəlmir. Keçən il kuboku qazanmağımız da göstərir ki, kifayət qədər rəqabətədavamlı və iddialı komandayıq.

– “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq şansınızı faizlə necə qiymətləndirirsiniz?

– Dediyim kimi, bu barədə bəlkə də iki oyundan sonra danışarıq.

CAVAD

Shares: