Azərbaycanın qadınlardan ibarət milli komandasının sabiq üzvü Aysun Seydiyeva futbolçu karyerasını başa vurmasının səbəbləri ilə bağlı ilk dəfə geniş açıqlama verib.

O, sosial şəbəkə hesabında yayımladığı paylaşımda karyerasını həyat yoldaşına görə deyil, milli komandada üzləşdiyi hörmətsizliklər və sağlam olmayan mühit səbəbindən bitirdiyini bildirib.

Seydiyeva həyat yoldaşı Amin Seydiyevin hər zaman ona dəstək olduğunu vurğulayaraq, bu məsələdə onun adının hallandırılmasının yolverilməz olduğunu qeyd edib: “Bir şeyi hər kəs bilsin ki, mən futbol karyeramı yoldaşıma görə yox, mənə qarşı edilən hörmətsizliklərə, yaşadılanlara və milli komandadakı mühitə görə bitirmişəm. Yoldaşım Amin mənə hər zaman dəstək olub. Ona görə də mənim haqqımda nə istəyirsiniz danışın, amma onun adını bu məsələlərə qatanda 100 dəfə düşünməli idiniz”.

352325878 172429722465030 4254546127574628952 n - Futbolinfo.az

Sabiq futbolçu milli komandada yaşanan bəzi hadisələr barədə danışmaq istəmədiyini, lakin susmasının heç də kimlərinsə haqlı olması anlamına gəlmədiyini bildirib: “Elə həqiqətlər var ki, onları danışsam, heç də xoş mənzərə ortaya çıxmaz. Susmağım kiminsə haqlı olması demək deyil. Sadəcə bəzi şeyləri özümə yaraşdırmadığım üçün danışmıram”.

Aysun sözlərinin qadınlardan ibarət A milli komandasında çalışan bəzi staff üzvlərinə və futbolçulara ünvanlandığını qeyd edib. O, kənardan hər şeyin normal göründüyünü, komandanın daxilində başverənləri yalnız həmin mühitdə olan insanların bildiyini vurğulayıb.

0619b3b3 191a 4e35 a586 08b7482e4d10 - Futbolinfo.az

Sabiq milli üzvü federasiyanın bu hadisələrdən xəbərdar olub-olmadığını bilmədiyini qeyd etsə də, bir futbolçunun karyerasını başa vuracaq həddə gətirilməsinin təsadüfi olmadığını bildirib: “Mən futbolu öz istəyimlə yox, mənə edilən hörmətsizliklərə görə bitirmişəm”.

Seydiyeva paylaşımının sonunda bu mövzu ilə bağlı ilk və son dəfə danışdığını vurğulayaraq, bundan sonra onun adından fərqli hekayələrin danışılmamasını istəyib.

a0d596c6 2272 4851 a4c3 94678bae42e0 - Futbolinfo.az
Shares: