Qadın futbolçulardan ibarət PAOK klubunun baş məşqçisi Tanasis Patrikidis UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatma nəticəsini dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, yunanıstanlı mütəxəssis 1-ci qrupunun yarımfinalında qarşılaşacaqları “Hapoel” (Yerusalim, İsrail) və potensial rəqiblərdən olan “Neftçi” barədə fikirlərini bildirib.

O, hədəflərinin 2-ci raunda yüksəlmək olduğunu söyləyib: “Püşkatma hər zaman müəyyən risklər daşıyır. Biz komanda olaraq mümkün qədər hazır olmağa çalışacağıq və şanslarımızdan maksimum istifadə etmək üçün mübarizə aparacağıq. Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. Rəqiblər haqqında məlumat toplamağa və onların oyunlarını təhlil etməyə dərhal başlamışıq. Hər matça necə yanaşacağımızı müəyyənləşdirməyə çalışırıq. Yarımfinalda ilk dəfə Çempionlar Liqasında iştirak edəcək komanda ilə qarşılaşacağıq. Rəqib təcrübəsiz olsa da, özünü göstərmək üçün həddindən artıq motivasiyalı olacaq. Finaldakı potensial rəqiblərdən olan “Neftçi”nin isə artıq bu turnirdə müəyyən təcrübəsi var. Rəqibin kimliyindən asılı olmayaraq, özümüzə güvənməli və alışdığımız oyunu sərgiləməliyik”.

Qeyd edək ki, “Neftçi” 1-ci mərhələnin yarımfinalında Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq. Bu raundda yarımfinal oyunları iyulun 22-də, final görüşləri isə 25-də keçiriləcək.

Shares: