“İmişli”də işlər yolunda getmir. Klub rəhbərliyi yeni mövsümün planlamasında ləngiyir.

İş ondadır ki, hələ komandanın yeni baş məşqçisi bəlli deyil. Jorj Kaşkilya klub prezidentinin onun işinə həddindən artıq çox müdaxilə etməsndən bezərək bölgə təmsilçisindən ayrılıb. Kamran Eyyubov heyət seçimində onu dinləməyən portuqaliyalı ilə yola davam etməməyə qərar verib.

Lakin rəhbərlik yeni məşqçi seçimində də istəyinə nail olmur. Uzun müddət ispan məşqçi ilə danışıqlar aparılsa da, adı gizli saxlanan mütəxəssis büdcə və şərait haqqında məlumat aldıqdan sonra təklifdən boyun qaçırıb.

Belədə “İmişli” rəhbərliyi komandaya I Liqada rəhbərlik edən, Premyer Liqaya yüksəldikdən sonra yolları ayıran Fərid Namazovu geri qaytarmaq qərarına gəlib. Bu məşqçi U-21-də köməkçi kimi çalışır və kluba görə postundan ayrılmağa razılıq verib. Amma gənc çalışdırıcı rəhbərlikdən uzunmüddətli müqavilə istəyir. Klub rəsmiləri mövsümə onunla başlayıb əcnəbi axtarıçına davam etmək niyyətində olduğundan amlaşma reallaşmayıb.

“İmişli” yeni mövsümə harada başlayacağını da dəqiqləşdirməyib. Bölgə klubunun yenə Qubada oynamasına icazə verilməyəcək. Ötən mövsüm debütant kimi bir illik möhlət verilən klub infrastrukturla bağlı heç bir iş görməyib. Eyyubov gözünü AFFA-nın balansında olan, hazırda təmir edilən Ağsu stadionuna dikib. Amma yekun qərarın nə olacağı dəqiq deyil.

Shares: