“İmişli” ilə yollarımızın ayrılacağını gözləmirdim. Çünki əvvəl aramızda başqa cür söhbət olmuşdu. Sonradan isə vəziyyət dəyişdi. Açığı, klub rəhbərliyi müqaviləni yeniləmək istəmirsə, bunun hansı səbəblə izah olunmasının artıq elə də əhəmiyyəti yoxdur”. Bu sözləri “İmişli”dən ayrılan Abbas Ağazadə futbolinfo.az saytına açıqlamasında deyib.
27 yaşlı yarımmüdafiəçi komandada qalmaq istədiyini gizlətməyib: “İmişli”də qalmaq istəyirdim. Çünki bu, karyeram baxımından vacib idi. Amma söhbətlərdən sonra başa düşdüm ki, mənim üçün ən xeyirlisi ayrılmaqdır. Buna baxmayaraq, burada keçirdiyim iki il mənim üçün çox uğurlu oldu. Komanda ilə birlikdə Premyer Liqaya yüksəldik, yüksək liqada yaxşı oyunlar keçirdim, qol vurub məhsuldar ötürmə etdim, demək olar ki, bütün matçlarda forma geyindim. Bu iki il mənim yaddaşımda xoş xatirə kimi qalacaq”.
Ağazadə gələcək karyerası ilə bağlı da danışıb: “Hazırda bir neçə təklif var, müəyyən danışıqlar aparılır. Ancaq hələlik heç nə dəqiqləşməyib. Harada çıxış etməyimdən asılı olmayaraq, əsas hədəfim həmişə komandama fayda vermək və uğurlu nəticələr qazanmaqdır”.
GÜNAY SÜLEYMANOVA
