Mariana Vasileva – Azərbaycanın gənclər və idman nazirinin bolqar müavini… Sabiq və bəlkə də hazırkı…

Təyinatı narazılıq doğurdu; işdən çıxarılması biabırçı səbəbdən reallaşdı; hələ də işini davam etdirməsi bir başqa fiaskodur… Postundan azad edilib, amma məmuriyyətinə “ştatdankənar” davam edir. AGİN-in tədbirlərində iştirak edir, nazirliyin idarəetməsində birbaşa rol alır, kimsə onun göstərişlərindən çıxa bilmir.

Vasileva elə nüfuz və hörmət sahibidir ki (!), işdən çıxarılanda nazir Fərid Qayıbov belə buna üzüldüyünü paylaşım edərək göstərmişdi. İstefanın səbəbinə, işdən çıxaranın kimliyinə baxmadan… Deyəsən, küskün nazirin könlünü almaq üçün ona qeyri-rəsmi şəkildə Mariana xanımın işini davam etdirəcəyini dedilər və o, sakitləşdi.

Mariana Toteva Vasileva Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdi. O, 16 yanvar 2025-ci ildə işdən çıxarıldı.

Təyinat onun Azərbaycanın idman həyatındakı xidməti ilə əsaslandırılmışdı. 1974-cü ildə anadan olan Vasileva gənc yaşlarında vətəni Bolqarıstanda bədii gimnast kimi tanınıb. Bu idman növündə əldə etdiyi uğurlara görə Bolqarıstanda kifayət qədər tanınıb və sevilib. 2007-ci ildə Azərbaycan Gimnastika Federasiyasında məşqçi işləmək təklifi alıb, ailəsi ilə birgə Bakıya köçüb. 2009-cu ildə Azərbaycan yığmasına baş məşqçi təyin edilib.

Azərbaycanda yaşayan Vasileva və ailə üzvləri (həyat yoldaşı ilə iki qız övladı) Bolqarıstan vətəndaşlığını qorumaqla, həm də Azərbaycan vətəndaşlığını daşıyır. Baxmayaraq ki, Azərbaycanda ikili vətəndaşlıq qanunla tənzimlənmir!

Vasilevanın 1996-ci il doğumlu böyük qızı Siyana gimnastikada ilk addımlarını Bolqarıstanda atsa da, karyerasını 2008-ci ildən Azərbaycanda davam etdirib və 2011-ci ildə milli komandaya dəvət alıb. Sonra hətta baş məşqçi postunu tutub.

Bu qədər əzizlənən birinin vəzifədən kənarlaşdırılması qəribə görünə bilər. Amma o qədər ciddi səbəb var idi ki, onu qorumaq mümkün olmadı.

2013-cü ildə Azərbaycanda Əməkdar məşqçi adı alan Vasileva çəki artımına görə atletləri döyüb, onları təhqir edib, özlərini yaxşı hiss etmədikləri halda atletlərin sağlamlığını risk altına qoyaraq onları məşqə məcbur edib. Deyilənlərə görə, həmçinin, nazirlikdə Vasileva ilə digər əməkdaşlar arasında narazılıq yaşanıb. Bundan başqa, Mariana xanım Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən hər hansı tədbirdən 8 il müddətinə uzaqlaşdırılıb. Ona ömürlük hər hansı federasiyada baş məşqçi vəzifəsi tutmaq qadağan edilib. Azərbaycan milli komandasının baş məşqçi vəzifəsini icra edən Siyana Vasileva (Mariananın qızı) 18 ay, məşqçi Yevgeniya Vilyayeva isə 12 ay müddətinə uzaqlaşdırılıb.

İddilara inansaq, Vasileva atletlərin pul və ya mükafatlarını mənimsəyib, onların ailələri ilə və ya digər şəxsi əlaqələrini məhdudlaşdıraraq mobil telefonlarından istifadə etmələrinə qadağa qoyub. O, həyatının sonuna qədər Beynəlxalq Gimnastika Fonduna bağlı olan hər hansı federasiyanın baş məşqçisi ola bilməyəcək. 2019-cu ildə Beynəlxalq Gimnastika Fondunun Mariana Vasilevaya təqdim etdiyi “Fəxri Məşqçi” diplomu da ondan geri alınıb.

Bu məsələlər ciddi şəkildə insidentə səbəb olduğu üçün siyasi rəhbərliyin nəzərinə çatdırılıb. Vasilevanın gimnastlara qarşı kobud, qeyri-insani davranışı, özünü müştəbeh aparması haqda məruzə edildikdən sonra onun işdən azad olunması qərarı verilib.

Zatən bu təyinat reallaşarkən də bir çox şeylər bəlli idi, bu səbəbdən narazılıq doğurmuşdu. Vasilevanın klubların birindən yayılan rəqs görüntüləri ciddi qalmaqala, müzakirələrə səbəb olmuşdu.

Mariana Vasileva Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində (AGİN) idman və gənclər siyasətinin icrası, bölgələrdə idman menecmenti, kütləvi idman və idman təhsili kimi istiqamətləri kurasiya edirdi. Onun nazirlikdəki fəaliyyətinin əsas xüsusiyyətləri bunlardan ibarət idi: regional idman və gənclər idarələrinin fəaliyyətinə nəzarət etmək, “Sağlam həyat” və “Üzməyi öyrənək” kimi layihələri həyata keçirmək və kütləvi idmanın təbliğini təşkil etmək.

İndi detallara varmaq, Vasilevanın günahkar olub-olmadığını müəyyənləşdirmək niyyətimiz yoxdur. Bütün bunlara aidiyyatı qurumlar qərar verir. Bəlkə də günahsızdır, amma haqqında qərar var, appelyasiya vermək, özünü təmizə çıxarmaq da bolqar mütəxəssisin işidir.

Bizə maraqlı olan bu qədər mühüm postun ilyarımdır boş qalmasının səbəbidir. Bu post önəmsiz sayıla bilməz, amma indiyədək təyinatın reallaşmaması qəribədir. Sırf Vasilevaya görə nazir müavini postu boş qalmamalıdır. Mariana xanım bu vəzifəni ştatdankənar icra edirsə, bu da absurddur. Tədbirlərdə qeyri-rəsmi şəkildə iştirak etmək, vəzifə tutmadığı qurumda idarəetməyə birbaşa müdaxilə etmək yolverilməzdir.

Mariana xanımla bir dəfə canlı ünsiyyətimiz olub, Azərbaycan dilini mükəmməl bilməsi barədə deyilənlər cəfəngiyyatdır. Doğrusu, işi ilə bağlı müsbət fikirlər eşitmişəm, səhlənkarlıq edən bir çox qurumun işçiləri məhz onun sayəsində ya qovuldu, ya da özünə əl gəzdirdi. Rəhbər Qayıbov olsa da, əsas işi məhz o görürdü. Ünsiyyətcil, mehriban adam kimi tanınıb. Lakin nə olursa-olsun haqqında bu qədər ittiham və qərar olan bir şəxsə görə nazir müavini postu boş saxlanılmamalıdır. Bu, gələcəkdə məsuliyyət yükündən yayınmağa səbəb olacaq – qərarları o verir, idarə edir, amma rəsmi səlahiyyəti olmadığından məsuliyyət daşımır.

VÜSAL MAHMUDOV

Shares: